Aslan Rəsulzadə: “Mən hər gün onun övladların görürəm. O uşaqların gözünə baxmaq olmur. Axı onların günahı nədi?”
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin qardaşı Mahir Abdullayevlə bağlı müəmma hələ davam edir. Elşad Abdullayev ölkə başçısı Ilham Əliyevə və KIV-ə ünvanladığı müraciətlərdə bildirir ki, qardaşı 2003-cü il oktyabrın 13-də evdən çıxıb və bir daha geri qayıtmayıb. O, bu barədə hüquq-mühafizə orqanlarına müraciət etsə də, hər hansı nəticəsi olmayıb. Bu baxımdan özü müstəqil şəkildə araşdırmalara başlayıb. Araşdırmalar nəticəsində Elşad Abdullayevə bəlli olub ki, qardaşı MTN və DIN-in yüksək rütbəli zabitlərinin də üzvü olduğu mütəşəkkil cinayətkar dəstə tərəfindən oğurlanıb. Elşad Abdullayev bu məsələdə əsasən hazırda milli təhlükəsizlik nazirinin müavini olan Hilal Əsədovu, MTN-nin idarə rəisi Akif Çovdarovu, daxili işlər nazirinin müavini Vilayət Eyvazovu, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi və s. yüksək çinli məmurları ittiham edir. Amma rəsmi qurumlar bu ittihamlara cavab vermir. Bir müddət öncə isə Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsi yaranıb. Artıq həm ölkədə, həm də xaricdə olan bir çox nüfuzlu şəxslər Komitəyə üzv olublarş Redaksiyamıza üz tutan 71 yaşlı Aslan Rəsulzadə də Müdafiə Komitəsinə qoşulduğunu bildirdi: “Mən həm Elşadı, həm də Mahiri uşaqlıqdan tanıyıram. Onların atası İslam kişini tanıyırdım. Bu nəsli rayonumuzda hər kəs alicənab, vətənpərvər və əhalinin hörmətin qazanan adamlar kimi tanıyıb. Elşad da, Mahir də gözümün qabağında böyüyüb və hər ikisi öz zəhməti ilə cəmiyyətdə yüksək mövqe qazanıb. Mahirin bu şəkildə yoxa çıxması əsl rəzalətdi.” Aslan müəllim Bakıda da M.Abdullayevlə qonşu olduğunu deyir: “Mən hər gün onun övladların görürəm. O uşaqların gözünə baxmaq olmur. Axı onların günahı nədi? Mahir MTN-in zabiti idi. Əgər belə bir şəxs yoxa çıxır və dövlət buna susursa mən adi bir vətəndaş olaraq öz təhlükəsizliyimdən necə əmin ola bilərəm? Ortada çox böyük ittihamlar var. Hələ ki, heç bir dövlət məmuru Elşad Abdullayevin ittihamlarına cavab verməyib. Onların sükutu sabiq rektorun söylədiklərinin əsassız olması barədə iddialara kölgə salır. Elşad Abdullayev doğru söyləsə belə, Mahir Abdullayevin nədən hədəf seçildiyi bəlli deyil. Pula görəmi? Elşad Abdullayev qardaşının qaytarılması üçün kifayət qədər pul verib. Bəs niyə Mahir Abdullayev ailəsinə qaytarılmayıb? Bəlkə Mahir Abdullayev öldürülüb? Öldürülübsə, hansı səbəbdən? Meyit niyə ortalıqda yoxdur?”
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?