Sabiq rektor Eldar Mahmudovla bağlı məsələyə aydınlıq gətirdi
Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin ittihamlarına cavab verərkən onunla cəmi bir dəfə görüşdüyünü bəyan etmişdi. Ramiz Mehdiyev bildirmişdi ki, bu görüş “çox hörmətli bir şəxsin” xahişi ilə baş tutub və bir neçə dəqiqə çəkib. Ramiz Mehdiyev həmin hörmətli şəxsin adını çəkməsə də, Elşad Abdullayev mətbuata açıqlamasında bu adamın milli təhlükəsizlik naziri Eldar Mahmudov olduğunu bildirmişdi. Bəs sabiq rektorun Eldar Mahmudovla münasibətlərinin kökündə nə dayanır? MTN şefi nə üçün Elşad Abdullayevin xahişini Ramiz Mehdiyevdən edib? Sabiq rektorun son açıqlamasında bu məsələyə aydınlıq gətirib. “Mən MTN-nin akademiyasında dərs demişəm. Bu qurumda xeyli sayda tələbələrim çalışıb. Eldar Mahmudovla da tanışığım MTN akademiyasında dərs deməyimdən qaynaqlanır. Və burada qeyri-adi heç nə yoxdur. Mən başıma gələnlərlə bağlı Eldar Mahmudova məlumat vermişəm və ondan xahiş etmişəm ki, Ramiz Mehdiyevlə görüşməyimə yardım etsin. O da sağ olsun yardımını əsirgəməyib”. Elşad Abdullayev “Azadlıq”a bir maraqlı faktı da açıqlayıb. O, bildirib ki, qardaşı Mahir Abdullayevin oğurlanması ilə bağlı Ilham Əliyevin əmisi Aqil Əliyev də “yuxarılar”a müraciət edib. “Demişdi ki, bu adamın qardaşını qaytarın. Ramil Usubova da zəng vurmuşdu. O zaman Aqil müəllimin səhhətində problem var idi. Lakin buna baxmayaraq mənə görə zəng vurdu”. Məlumat üçün bildirək ki, Aqil Əliyev ABU-da prorektor olub. “Xəbər xidməti”
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?