Tanınmış telejurnalist Qulu Məhərrəmli ilə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov arasında günlərdir davam edən söz çəkişməsi məhkəmə müstəvisinə çıxıb. Bu qarşıdurmanın davam etməsi isə ümumilikdə jurnalistikaya zərər vurur.
Jurnalistikamızın ağsaqqalı, araşdırmaçı professor Şirməmməd Hüseynov onları barışdıra bilərmi?
Şirməmməd Hüseynov Modern.az saytına bildirib ki, Qulu Məhərrəmlini kiminləsə müqayisə etmək olmaz:
“O, respublikanın görkəmli, tanınmış jurnalistidir. Arif Alışanov da məmurdur, jurnalist deyil. Arif Alışanov idarəçilik, maliyyə işini yaxşı bilir, amma jurnalistikadan başı çıxmır, Azərbaycan televiziyasını sovet dövrü televiziyasına çevirib. Ona görə də tənqidə dözmür, demokratiya ilə arası yoxdur və o, diktatura tərəfdarıdır. Qulu Məhərrəmli 21-ci əsrin jurnalistidir, Arif Alışanov isə sovet dövrünün adamıdır”.
Ş.Hüseynov Arif Alışanovu çox ağır şəkildə ittiham edib: “Mən vaxtilə demişəm, indi də deyirəm ki, Məhəmməd Əmin Rəsulzadəyə qarşı düşmənçiliyi Azərbaycan televiziyası və Arif Alışanov edib. Onun məhkəmədən, davadan başqa bildiyi bir şey yoxdur. Əgər sözü varsa, müasir dövrdən, jurnalistikadan, mətbuat tarixindən başı çıxırsa, elmi mübahisəyə girsin, məhkəmə mübahisəsinə yox”.
Ş.Hüseynov “Ağsaqqal jurnalist kimi Qulu Məhərrəmliyə və Arif Alışanova nə tövsiyə edərdiniz” sualına cavabında, “Mən Qulu Məhərrəmlini dövrün ən qabiliyyətli, istedadlı jurnalisti, publisisti, alimi sayıram. Amma Arif Alışanovu saymıram, o məmurdur, onun bizim peşəyə dəxli yoxdur” - deyib.
“Hansı bir məqaləsini, kitabçasını oxumusunuz? Yoxdur, elm adına onun heç nəyi yoxdur”.
Sorğu
Yeni dizaynımız necədir?