gundemxeber.az big.az-a istinadən "Bozbash pictures"dən daha çox Fəlakət kimi tanınan aktyor Elşən Orucovun müsahibəsini təqdim edir:
- Elşən, bu yaxınlarda "Axırıncı yol" filminin qala gecəsi keçirildi. Filmlə bağlı təəssüratlarınız?
- "Axırıncı yol" gözlədiyimizdən də yaxşı nəticə verdi. Bəlkə də bunu deməməliydim. On gün ərzində haradasa 40 mindən çox göştəriş olub, bu, çox superdir. Sevinirəm ki, filmimiz haqqında, hələ ki, pis fikir bildirən olmayıb. Təbii ki, bu da müsbət haldır. Gələcək yeni bir filmimizi ortaya qoymaq üçün bizə təkan verəcək. İnanıram ki, növbəti filmimiz bundan da uğurlu olacaq.
- Bəlkə də eşitmisiniz, filmin bəzi hissələrini "Oğlan evi" filminə bənzədiblər...
- İlk dəfədir ki, sizdən eşidirəm. İstər türk filmi olsun, istərsə xarici komediya janrında olan filmlər bir-birinə oxşayır. Mümkün deyil ki, oxşarlıq olmasın. Bizim filmdə də polis səhnələri var idi, həmin filmdə də. Bu təbiidir. Əgər xırdalasaq, bütün filmlərdə bu oxşarlıq var. Ona görə də, siz dediyiniz oxşarlıq fikri ilə razılaşmıram. Əsas odur ki, film tamaşaçı üçün bir əyləncədir. Tamaşaçı filmə baxıb əylənirsə, bizə bu kifayətdir.
- "Bozbash pictures" komandasının bir-birinə münasibət necədir?
- Çox isti münasibətimiz var. Əvvəllər çox yaxın dost olmuşuq. Azər sinif yoldaşım, İlkin isə qrup yoldaşım olub. Ramil ilə işə bir başlamışıq. İşimizin uğurlu olmağının əsas səbəbi elə budur. İşimiz dostluğumuzun təməli üzərində qurulub. Ona görə də bizim aramızda, ailədə olan söz söhbətlərdən başqa, böyük bir söz-söhbət olmur. Bir-birimizə güzəştə getməyi bacarırıq. Ən azından bir-birimizin hörmətini saxlayırıq.
- Ən çox "Fəlakət" obrazı sevildi... Bu Elşən Orucovun fərqliliyi idi, yoxsa necə?
- Mən bunu onlardan fərqlənmək kimi qəbul etmədim. Bu "Fəlakət" obrazının uğuru idi. Kollektivdə hansısa obraz irəli gedirsə, biz oturub onu müzakirə edirik. Bu kollektiv işidir. Bu hamımızın uğurudur, təkcə mənim yox. Tamaşaçı bir obrazı sevirsə, həmin obrazı tamaşaçının əlindən almaq düzgün deyil.
- Bəlkə bu sizin təvazökarlığınızdan irəli gəlir?
- Yox, mən bilirəm ki, dostlarım da mənim kimi düşünür. Çünki Fəlakət obrazının bu qədər məşhur olacağı hamımız üçün gözlənilməz oldu. Biz oturub müzakirə də edirik, hansı obraz daha uğurlu alınacaq və s. Misal üçün, hazırda yeni serialımız efirə gedir, "Palata 106 ". Mən orda türk obrazını canlandırıram. Sizə bir şey deyim ki, "Bozbash pictures"in çəkilişlərinə başlayanda da bizim haqqımızda müxtəlif fikirlər səsləndirirdilər. "Bu nədir? Biz bunu bəyənmədik" kimi fikirlər yazırdılar. Amma bu, bizi ruhdan salmırdı. Getdikcə "Bozbash pictures" doğmalaşdı və hər kəsin evinin sevimlisinə çevrildi. Onunla razıyam ki, serialımız "Bozbash pictures" filmindən tam fərqli formatdadır. Gələcəkdə bu filmin hansı yerdə olacağı bilinmir. Bir şeyi etiraf edim, "Bozbash pictures"ə o qədər sevgi var ki, tamaşaçı bizi "Palata 106" serialına qısqanır. Bu da təbii bir şeydir. Serial efirə gedəndə ilk həftə elə reaksiya verdilər ki.. Amma bu da təbii bir şeydir. Ümid edirəm hər şey yaxşılığa doğru olacaq.
- Elşən Orucovu "Bozbash pictures"dən ayrılıb, fərdi şəkildə fəaliyyətini görə biləcəyikmi?
- Ola bilər. Gələcəkdə yaxşı bir rol təklif edilsə, inandığım rejissor olsa, bilsəm ki, o da mənə inanır, 100 faiz həmin filmdə çəkiləcəm. Gələcəkdə hər şey ola bilər.
- Bəs Elşən Orucov hansı obrazı canlandıra bilməz?
- Bir az çətin sualdır. Əgər rejissor mənə ssenari təqdim eləsə, həmin obrazda özümü görməsəm, canlandıra bilməyəcəm. Mənfi obrazı da canlandırmağa hazıram, mənə elə gəlir ki, ən çətin rol, mənfi obrazı canlandırmaqdır.
- Şəxsi həyatınızda hansı yeniliklər var?
- Hələki bir yenilik yoxdur. Amma yaşım artıq çatıb. Yaxın gələcəkdə ailə qurmağa hazırlaşıram.
Sorğu
Yeni dizaynımız necədir?