Dünən Bakı Apelyasiya Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Rauf Mirqədirovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Rauf Mirqədirov 5 il müddətinə sınaq müddəti olmaqla şərti cəza alıb. O, dərhal məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rauf Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. Rauf Mirqədirov barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Rauf Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.
Məhkəmə zalından azadlığa buraxılan Rauf Mirqədirov onu müdafiə edən vəkillərinə, hüquq müdafiəçilərinə, media nümayəndələrinə öz minnətdarlığını bildirib. O, qeyd edib ki, həbsdə olduğu müddətdə ona dəstək olan hər kəsə öz minnətdar olduğunu deyib: “Ailə üzvlərim həbsdə olduğum müddətdə mənə dəstək olub. Onlara, yanımda olan anama, bacıma, həyat yoldaşıma minnətdarlığımı bildirirəm. Çünki onların mənə dəstəyi böyük olub. Ağır günlərdə mənim dəstəklərinə ehtiyacım olub. Ailə üzvlərim mənə dəstək olmasaydı, ağır günlərimdə dözə bilməzdim, bu vəziyyətdən çıxa bilməzdim”.
Rauf Mirqədirov əlavə edib ki, həbsdə olduğu müddətdə ona heç bir təzyiq olmayıb: “Bu baxımdan mənə qarşı münasibət çox yaxşı olub. 23 ay ərzində tək adamlıq kamerada məhbus həyatı yaşamaq çox ağır bir yükdür. Sözsüz, mən özümü günahkar saymıram. İttiham tərəfi məhkəmə prosesində dövlətə xəyanət etməyimlə bağlı və yaxud xarici xüsusi xidmət orqanları ilə ünsiyyət qurmağımla bağlı sübut təqdim edə bilmədi. Heç bu
barədə sübut təqdim edə də bilməzdi. 30 ilə yaxın jurnalistika fəaliyyyətim ərzində nəyinki Ermənistanın, ümumiyyətlə xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığım olmayıb. Bu mənim üçün əsasdır. Vəkilim ilə birlikdə bəraət qazanmağımla bağlı mübarizəyə başlayacam. Əminəm ki, gec-tez bu bəraəti qazanacağıq”.
Jurnalist daha sonra həbs olunmasını anlaşılmazılıq kimi qiymətləndirib: “Düşünürəm ki, bu Azərbaycana qarşı düşmən dövlətlərinin xüsusi xidmət orqanlarının geniş miqyaslı təxribatının tərkib hissəsidir. Bir sira hallarda Azərbaycan xüsusi xidmət orqanları, hüquq-mühafizə sistemi bilmədən bu oyunda iştirak edib”.
Rauf Mirqədirov səhhətinin yaxşı olmadığını bildirib. O, qeyd edib ki, gözləri ilə bağlı problemləri yaranıb və təzyiqi olduğunu qeyd edib: “Səhhətimlə bağlı da maraqlanacam. Mənim əsas məqsədim ailəmdir. Bildiyiniz kimi ailəm xaricdə yaşayır. Bu çıxarılmış qərar ailəmlə qovuşmağıma imkan vermir. Çalışacam ki, bu məsələləri mümkün qədər tez həll edib və mən ailəmə, körpə balalarıma qovuşa bilim”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?