Türkiyə müxalifəti iranlı iş adamı Rza Zərrabın məhkəməsini izləmək üçün ABŞ-a heyət göndərir.
Bu haqda CHP qrup başqan vəkili Özgür Özel deyib. Özgür Özel deyib ki, gələn həftə o və CHP-dən daha iki millət vəkili partiya lideri Kamal Kılıcdaroğlunun təlimatı ilə Mayamiyə gedəcək.
Rza Zərrab martın 19-da Mayami areroportunda FTB əməkdaşları tərəfindən həbs olunub. Nyu York Cənub dairəsi federal prokuroru Prit Bhararanın ona qarşı irəli sürdüyü ittiham aktına görə Rza Zərrab ABŞ-ın İrana qarşı tətbiq etdiyi maliyyə sanksiyalarını neytrallaşdırmaq üçün beynəlxalq miqyaslı fırıldaq sxemi qurub, Amerikanın bank sisteminə qarşı saxtakarlıq edib və İrana aid pulların qeyri-leqal yollarla transferini həyata keçirərək Birləşmiş Ştatların milli təhlükəsizliyini təhdid edib. Bu ittihamlar üzrə onu 75 il həbs cəzası gözləyir.
Gələn həftə Mayami məhkəməsində Rza Zərrabın işi üzrə dinləmələr olacaq. Məhkəmə onun Nyu Yorka etap edilməsinə və girov müqabilində azadlığa buraxılması barədə vəsadətə baxmalıdır. CHP millət vəkili Özel deyib ki, onlar Mayamidəki məhkəmə ilə yanaşı Rza Zərrabın işi üzrə federal məhkəmədə gedəcək prosesi də izləyəcəklər. “Ehtiyacı olsa Muammer Gülərdən (Rza Zərrabdan rüşvət almaqda ittiham olunan keçmiş daxili işlər naziri) xalça, Egemen Baxışdan (iranlı iş adamı ilə korrupsiya əlaqələrində ittiham olunan keçmiş Avropa işləri naziri) kol börəyi apara bilərik”-Özel istehza ilə deyib.
Rza Zərrabın məhkəməsini izləmək üçün onun arvadı, müğənni Əbru Gündəş də ABŞ-a gedib. O, aeroportda jurnalistlərlə təmasdan yayınmaq üçün maksimum səy göstərib. Türkiyə mediası yazır ki, Rza Zərrab Əbrudan qızlarını gətirməməyi istəyib, ona mesaj göndərib ki, uşağı gətirməsin. Çünki psixologiyasına təsir edə bilər. “Bu ittiham haqsız çıxacaq və o zaman biz birlikdə qızımızın yanına gedəcəyik”-Rza Zərrabdan gələn mesaj belədir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?