Reketçiliklə məşğul olan mətbuat orqanları son illərdə daha çox artmağa başladı. Hətta ötən ilin sonlarında məlum Milli Təhlükəsizlik Nazirliyi (MTN) olayları zamanı mətbuatda reket mətbu orqanlarının da adı hallandı. Və bu zaman aydın oldu ki, MTN nəinki reketçiliklə mübarizə aparıb, hətta “MTN-çilər” bəzi “reket qəzet”, “reket saytlar”ı öz və çirkli əməllərinə şərik ediblər. Onlarla əlbir işləyərək bir çox iş adamlarına “torba tikiblər”.
Bəs görəsən bu və ya digər hallarda reketçiliklə məşğul olan mətbu orqanlarını necə ifşa etmək olar?
Moderator.az-ın bu sualını Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət cavablandırıb.
A.Həsrət bildirib ki, bəzi mətbu orqanlarının reketçiliklə məşğul olması MTN olaylarından əvvəl də Mətbuat Şurasının diqqətində olub: “Sadəcə o dövrdə eləydi ki, biz konkret faktlarla məsələni sübut edə bilmirdik. Mətbuat Şurasının özünə elə adamlarla bağlı şikayətlər daxil olurdu ki, həmin adamları çox ciddi, yüksək səviyyəli şəxslər himayə edirdi. Həmin adamlar jurnalist adını iddia edən, faktiki olaraq reketliyin ən sərt formasından istifadə edən adamlar idi. Onlarla bağlı şikayətlərdə hardansa, sağdan, soldan müəyyən təziqlər etməyə çalışan admlar olurdu. Və biz o dövrdə ağlımıza gətirmirdik ki, həmin insanların arxasında MTN-nin hansısa vəzifəli şəxsləri dura bilər. Olay ortaya çıxandna sonra, yəni nazirin özü vəzifəsindən azad edildikdən, eyni zamanda, nazirlikdə təmizləmə işləri başlanıldıqdan və struktur yeniləmələri olduqdan sonra mətbuatda belə bir informasiya yayıldı. Hətta konkret adlar çəkərək müxtəlif qəzetlərin, saytların, yaxud da jurnalistlərin MTN çətəsinə bağlı olduğu barədə iddialar ortaya atıldı. Amma təəssüflər olsun ki, həmin iddiaların arxasınca gedilmədi. Açığını deyim ki, Mətbuat Şurası da getməli idi, amma Mətbuat Şurasına sadəcə olaraq konkret şikayətlər daxil olmadığına görə biz bir şey edə bilmədik. Sadəcə cəmiyyət, ictimaiyyət bu məsələni bir qədər unutmuş kimi görünür. Yaxşı ki, siz yenidən bu məsələni gündəmə gətirmisiniz”.
Azər Həsrət reketçiliklə mübarizə yollarını da açıqlayıb: “Bununla mübarizə aparmaq üçün biz bu məsələləri mümkün qədər ictimailəşdirməliyik. Eyni zamanda o qüvvələrə xidmət edən və jurnalist adından sui-istifadə edən şəxslərin adları açıqlanmalıdır. İctimaiyyətə bəlli olmalıdır ki, bu adamlar kimdir, nədir, nə işlə məşğuldular. Yəni, şantaj, başqalarına qarayaxma, gözdən salma kompaniyalarında iştirak edən adamlardır. Bununla bağlı müəyyən işlər aparılmalıdır. Amma Mətbuat Şurasına bununla bağlı şikayət daxil olmadığına görə biz özümüz həmin məsələylə məşğul ola bilmirik. Konkret adlarla, ünvan göstərməklə şikayətlər daxil olacağı təqdirdə əlbəttə ki, Mətbuat Şurası bu məsələyə baxacaq, prosedur qaydalarına uyğun olaraq bütün şikayətlərə baxıldığı kimi”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?