Martın 31-də Müsavat Partiyasının qərargahında keçmiş vicdan məhbusu, Müsavat başqanının müavini Tofiq Yaqublununun mətbuat konfransı keçirildi. Mətbuat konfransında jurnalistlərlə yanaşı, ABŞ, Böyük Britaniya, Almaniya və Fransa səfirliklərinin nümayəndələri, siyasi məhbuslar Sirac Kərimli və Sərdar Əlibəyli, eləcə də bəzi siyasi məhbusların ailə üzvləri və müsavatçılar iştirak edirdi.
Tədbiri girş sözü ilə açan Siyasi Məhbuslarsız Azərbaycan İctimai Alyansının təmsilçisi Oqtay Gülalıyev Tofiq Yaqublunun yenicə həbsdən çıxmış digər siyasi məhbusları təmsil etdiyini bildirərək, sözü ona verdi.
Tofiq Yaqublu çıxışında Azərbaycan hakimiyyətinin repressiv siyasətini kəskin tənqid etdi. O, Əliyev hakimiyyətinin qorxaq olduğunu, bu səbəbdən müxalifətçilərə qarşı repressiya maşınını işə saldığını bildirdi.
Müsavat başqanının müavini qeyd etdi ki, son əfv fərmanı ilə 14 siyasi məhbus azad olunsa da, ölkədə siyasi məhbus problemi həll olunmayıb. O, həbsxanada hələ onlarla siyasi məhbusun olduğunu xatırlatdı. Qeyd etdi ki, azad olunan siyasi məhbuslar da hələ bəraət almayıblar, bəzilərinin barəsində isə şərti cəzalar və cinayət işləri qalıb.
Tofiq Yaqublu həbsdən çıxdıqdan sonra tanınmış hüquq müdafiəçisi, bir müdət əvvəl həbsdən azad olunmuş Leyla Yunusu ziyarət etdiyini, onun səhhətinin ağır olduğunu, amma hakimiyyətin onu müalicə olunmaq üçün xaricə buraxmamasının səbəbini anlamadığını dedi.
Bundan sonra Tofiq Yaqublu özünün necə şərlənərək mühakimə edilməsinin xronologiyasını açıqladı. O, İsmayıllıya 2012-ci ilin yanvarın 24-də Rauf Arifoğlunun tövsiyyəsi ilə orada bir gün əvvəl baş vermiş xalq etirazları barədə məlumat toplamaq üçün getdiyini dedi. İsmayıllıya çatdıqdan bir neçə dəqiqə sonra Tofiq Yaqublu polis idarəsinə aparılıb. Polis idarəsində onun şəxsiyyəti müəyyən edilib və ona rayonu tərk etmək göstərişi verilib. Polis maşınlarının müşaiyyəti ilə rayondan çıxarılan və bundan sonra da Bakıya çatana qədər izlənilən Tofiq Yaqublu bir həftə sonra prokurorluğa çağırılıb və şərlənərək həbs edilib. Yanvarın 24-də İsmayıllıda hər hansı bir toqquşma olmadığı halda, Tofiq Yaqublunu və Real Vətəndaş Hərəkatının sədri İlqar Məmmədovu iğtişaş törətməkdə ittiham ediblər. Məhkəmədə üzə duran bütün şahidlərin ifadələrinin saxta olduğunun üzə çıxdığını deyən Tofiq Yaqublu, buna rəğmən məhkəmənin onların barəsində sifarişli hökm çıxardığını xatırlatdı.
Tofiq Yaqublu, fərqli fikirlərə rəğmən, Qərbin və beynəlxalq qurumların Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar tətbiq edilməsinə tərəfdar olduğunu bildirdi.
Müsavat başqanının müavini Amerikalı konqresmen Kris Smitin sanksiya çağırışına da münasibət bildirdi: “Anası ölmüş Smit düz deyir də. Smit deyir ki, Azərbaycanda insan haqlarının pozulur – düz deyir də. Smit deyir ki, Azərbaycanda siyasi məhbuslar var, korrupsiya var – düz deyir də. Smit deyir ki, Azərbaycanda müstəqil məhkəmə yoxdu – düz deyir də”.
Tofiq Yaqublu jurnalistlərin çoxsaylı suallarına cavab verdi. Müsavat başqanının müavini həm siyasi məhbusların azad olunması, həm də müxalifətin birgə mübarizəsinin təmin olunması istiqamətində səylərini davam etdirəcəyini vurğuladı.
“Yeni Müsavat” qəzeti ilə əməkdaşlığı davam etdirəcəksizmi” sualını cavablandıran Tofiq Yaqublu, – “bəli, davam etdirəcəm, Rauf Arifoğlu ilə aramızda haqq-salam var”, – dedi.
“Hüquq müdafiəçilərindən kimlər həbsxanada sizi ziyarət edib”, – sualına cavabında isə Tofiq Yaqublu Novella Cəfəroğlunun, Səidə Qocamanlının və Əlməmməd Nuriyevin adlarını çəkdi və onlara təşəkkürünü bildirdi.
Tofiq Yaqublu onun hüquqlarının müdafiəsində iştirakçı olmuş hər kəsə təşəkkürünü çatdırdı.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?