ANS-in Amerika Birləşmiş Ştatları (ABŞ) bürosunun əməkdaşı Qənirə Ataşova Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana sual verərkən ağlamasının səbəbləri barədə Türkiyə mətbuatına danışıb. Anspress-in məlumatına görə, "Anadolu" xəbər agentliyinə müsahibə verən Ataşova deyib ki, şübhəsiz o, jurnalist olaraq öz hisslərini bəlli etməməli idi: "Ancaq, gözünüzün qarşısına gətirin ki, mən də bir anayam, qadınam. Mənim də iki övladım var. Şəhid olan əsgərlər mənin də övladlarımdır. Ona görə də təsirləndim".
Q. Ataşova bildirib ki, 12 nəfərin şəhid olması barədə xəbər ona məhz Ərdoğanla müsahibədən az əvvəl verilib: "Təxminən 5 aydır vətənimdən uzaqdayam: "Vətənimin çətin günündə o 12 şəhidin analarının bacılarının yerində özümü hiss etdim. Azərbaycan mətbuatında şəhid xəbərləri çox həssas qarşılanır. Biz Türkiyədəki şəhid xəbərlərini verərkən də çox həssas davranırıq. Bizim jurnalist olmağımız hisslərimizi öldürməliyik mənasına gəlmir. İnsan əvvəlcə öz insanlığını qorumalıdır".
Jurnalistin Prezident Rəcəb Tayyib Ərdoğanın "Bizim ölkəmizdə mətbuatın gözlərində də bu göz yaşını görə biləcəyikmi?" sözlərini xatırlatmasınına ANS-in xüsusi müxbiri belə cavab verib:
"Vətən hər şeydən üstündür. Ona xəyanət etmək olmaz. Nə olur-olsun, vətən sənin canındır, qanındır. Çünki vətənimız olmasa nə edə bilərik ki? ABŞ kimi böyük dövlətlərdə insanlara vətəninə görə hörmət edirlər".
Söhbət əsnasında Ataşova Ərdoğanın Azərbaycanda çox sevildiyini və Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu deyib: "Şübhəsiz, prezidentin mənim hisslərimə bu qədər həssas yanaşmasını gözləmirdim. Ona təşəkkür edirəm. O, mənim gözümdə Azərbaycan qadınlarının, analarının bu gün yaşadıqlarını hiss etdi və bunu bütün dünyaya göstərdi", - dedi.
Ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Ermənistan cəbhə xəttində baş verənlərlə bağlı ANS-in ABŞ-dakı müxbiri Qənirə Ataşovaya açıqlama verib.
Q. Ataşovanın Ərdoğana verdiyi sual qardaş ölkənin rəhbərini mütəəssir edib. Prezident Ərdoğan ABŞ-ın Meriland əyalətində "Diyanət" mərkəzinin açılışında etdiyi çıxışında ANS əməkdaşını Türkiyə jurnalistlərinə nümunə göstərib.
"Azərbaycan-Ermənistan sərhədində atışmalar ciddi şəkildə davam edir və bu insidentlərdə hər iki tərəfin böyük itkiləri olub. Bir az əvvəl azərbaycanlı televiziya əməkdaşı qarşımı kəsdi, onun gözlərində göz yaşı gördüm. Görəsən, bizim ölkəmizdəki mətbuatın gözlərində də bu göz yaşını görə biləcəyik?" - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?