Aprelin ilk günləri Azərbaycandan ötrü çox təzadlı və mürəkkəb oldu. Bir yandan, elə bu vaxtlar ABŞ-da nüvə sammiti gerçəkləşdi və onun son günü məhz aprelin 1-nə təsadüf etdi. Sammitdə və xüsusən ərəfədə Azərbaycan Qərbə yönəlik bir sıra pozitiv bəyanat və jestlər etdi ki, bunlar da ölkədə siyasi məhbusların azadlığaçıxma prosesinin davamlı olacağına və daha ciddi siyasi islahatlara transformasiya edəcəyinə ümid doğurdu...
Digər yandan, Ermənistan yenə cəbhə xəttində durumu qarışdırdı və artıq aprelin 2-nə keçən gecə döyüş bölgələrində hərbi qarşıdurma intensiv xarakter aldı. Hər iki tərəfdən önəmli sayda itkilər olduğu deyilir. Prosesdən ən çox «təlaşlanan»sa Rusiya oldu və Kreml, həmişəki dirijorluq missiyasına sadiq qalaraq, guya tərəfləri zorakılıqdan çəkindirməyə cəhd göstərdi...
Məncə, bunlar təsadüfi deyildi. Bir az əvvəldə Azərbaycanın Qərbə yönəlik pozitiv jestlərindən bəhs etdim. Təbii ki, Rusiya buna biganə qalmadı və Cənubi Qafqazdabir daha kimin «vəziyyətin və şəraitin ağası» olduğunu göstərməyə çalışdı. Müəyyən mənada buna nail də oldu...
Cəmi bir ay əvvəl ölkə Ermənistana silah almaq üçün 200 milyon dollar kredit ayırmışdı. Bəlkə bu günlər daha çox aktuallaşan bir-iki sualın – «Görəsən, kasıb Ermənistan niyə ayağını yorğanına görə uzatmır? Niyə təmas xəttində bir gün də atəşsiz və döyüşsüz ötüşmür» suallarının cavabı da elə bundadır...
O NİFRƏT DOLU BAXIŞLAR...
Azərbaycanın Qərbə sarı dreyfini, ölkədə həqiqi siyasi islahatlara start verilməsini Rusiya qətiyyən arzulamır. Söz-sözü çəkər, bir neçə il əvvəlin söhbətidir. 25 il illik jurnalistlik fəaliyyətim dövründə cəmi iki müsahibə götürmüşəm. Bir müsahibəni Rusiyanın Azərbaycandakı ilk səfiri V.Shoniya-dan almışdım. O müsahibənin gedişində səfir qəzəblə dedi ki, sizin milli demokratik qüvvə dediyiniz siyasi cinahın böyük siyasətə yolu birdəfəlik bağlanıb, onlar bir daha böyük siyasətə qayıda bilməyəcəklər.
Bunları deyərkən, qeyri-ixtiyari, səfirin gözlərinə baxdım. Mən hələ belə nifrət saçan baxışlar görməmişdim...
Bunu niyə xatırladım? Siyasi məhbusların azad olunması insanlarda bir nikbinlik yaratdı. Üstəlik, bəzi müstəqil iqtisadçıların hökumətə cəlb ediləcəyi, axır ki siyasi islahatlara başlanılacağı barədə ümid dolu notlar daha çox politoloqun təhlillərində özünü büruzə verdi.
Anlamaq olar. Avtoritar siyasi sistem durğunluq kimi şeydir, çox qaldıqca bataqlıq qoxuyur.
Amma budur, ilk ümidlər Rusiyanın hədəsinə rast gəldi. Maraqlısı budur ki, düz 23 il öncə aprelin 2-də Kəlbəcər işğal olunmuş, aprelin 30-da isə BMT TŞ Azərbaycanın işğal olunmuş ərazilərinə dair ilk qətnaməni qəbul etmişdi.
O dövrü çox yaxşı xatırlayıram. Həmin dövrdə yüksək vəzifə tutan bir nəfər sonradan mənə etiraf etmişdi ki, Kəlbəcərin işğalının ardından ümidlərimiz tükəndi. Anladıq ki, hakimiyyətlə vidalaşmağa çox az qalıb. O vaxt rusiyalı diplomat V.Kazimirov da Kəlbəcərin bir «test» və yaxud sınaq olduğunu söyləmişdi...
Təbii ki, indi durum həmin vaxtlardakı qədər dramatik deyil. Amma Rusiya indi də Azərbaycanı «test»dən keçirməkdən yorulub-usanmır. Azərbaycan, faktik olaraq, bu ölkənin əsas tələbini çoxdan qəbul edib - NATO ilə sıcaq münasibətlərə can atmır və, tutaq ki, Gürcüstan kimi bu Alyansa qəbul olunmaqdan ötrü israrlı cəhdlər göstərmir.
Amma görünür, bu da Rusiyaya və onun siyasi isteblişmentinə azlıq edir və Azərbaycanda hər dəfə milli barışığa aparacaq yol qapanır . Və mən hər dəfə belə hallara rastlaşanda V.Shoniya-nın qəzəb dolu baxışlarını xatırlayıram...
ƏSLİNDƏ, AZƏRBAYCAN DAHA GÜCLÜ OLMALI İDİ...
Bir daha deyirəm ki, indi əvvəlki dövrlər deyil, Azərbaycan da güclənib. Di gəl, bir məqam var ki, onu qeyd etməyə məcburam.
Azərbaycan ordusu həmlələrə ciddi cavab verə bilir. Bunu heç kim inkar etmir. Amma Azərbaycanın hərbi-texniki üstünlüyü, təəssüf ki, insanların bu vaxtadək gözlədiyi, hakimiyyətin indiyədək iddia etdiyi qədər deyil.
Ölkə, onun insanları düşünür ki, Azərbaycanın müdafiə qabiliyyəti və imkanları daha artıq, onun Ermənistandan üstünlüyü daha qabarıq olmalı idi. Ən azı ona görə ki, Azərbaycanın müdafiə xərclərini, insan resurslarını və təbii ehtiyatlarını, sənaye potensialını Ermənistanla heç müqayisə etmək olmur.
Düzdür, burada da Rusiyanın müdaxiləsi və dirijorluğu duyulur. Azərbaycanın valyuta ilə aldığı silahları şimal qonşumuz Ermənistana, demək olar, hədiyyə edir.
Amma Azərbaycan da hər qəpiyinin qədrini bilməlidir. Bilirsiniz, böyük müdafiə və təhlükəsizlik xərcləri hələ o demək deyil ki, onlar bütünlüklə təyinatı üzrə və effektiv xərclənir. Təəssüf ki, varlı olmaq hələ güclü olmaq demək deyil. Bir az da fədakarlıq və vətənsevərlik tələb olunur...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.
Həmçinin baxın - AzadlıqRadiosu Youtube Kanalından izləyin:
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?