ATƏT-in Minsk qrupunun həmsədrləri Vyanada Minsk qrupu ölkələrinin səfirləri qarşısında martın 18-dən 22-nə və aprelin 1-dən 6-na qədər Qarabağ münaqişəsi regionuna səfərlərinin yekunları ilə bağlı bəyanatla çıxış ediblər. Bu müddət ərzində tərəflərə Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsində yardım göstərilməsi üzrə işlər davam etdirilib. Bəyanatda deyilir ki, həmsədrlər martın 21-də Yerevanda prezident Sarkisyan və XİN rəhbəri Nalbandyanla görüşüblər. Bakıda onları prezident Əliyev və XİN rəhbəri Məmmədyarov qəbul edib. Martın 19-20-də və aprelin 4-5-də Dağlıq Qarabağa iki ayrı-ayrı səfər zamanı həmsədrlər “regionun de-fakto hakimiyyəti” ilə görüşüblər. Aprelin 4-də təmas xəttinin qarşı tərəfə və əks istiqamətdə keçilməsi zamanı həmsədrlər yerli rəhbərlik nümayəndələri ilə təhlükəsizlik məsələlərini və son hadisələri, habelə təmas xətti boyunca həyat şəraitini müzakirə ediblər. Həmsədrlər Novruz və Pasxa bayramı günlərində təmas xəttində nisbətən sakitlik olduğunu qeyd ediblər və bu sakitliyin davam edəcəyinə ümid etdiklərini bildiriblər. Həmsədrlər prezidentlərlə Dağlıq Qarabağa və əks istiqamətdə mülki aviasiya uçuşları məsələsini müzakirə ediblər.Prezidentlər sülh prosesinə sadiq olduqlarını təsdiq ediblər və yüksək səviyyədə əlaqələrin davam etdirilməsini dəstəklədiklərini bildiriblər. Həmsədrlər sülh prosesinin davam etdirilməsi üçün yaxın həftələrdə iki ölkənin XİN rəhbərlərinin növbəti görüşünü təşkil etməyi planlaşdırırlar, deyə bəyanatda bildirilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?