Ermənilər meyitlərini üzə çıxarır - ən azı 200 ölü!..; Düşmən öz itkilərini və məğlubiyyətini etiraf edir; Şuşanın işğalına rəhbərlik eləmiş erməni general: “Azərbaycan məqsədinə çatdı...” Dağlıq Qarabağ cəbhəsində yenidən atəşkəsin bərqərar edilməsi Azərbaycan toplumunda yaxşı mənada etiraz doğurub. İnsanlar ordumuz hücumda ikən, 22 ildə ilk dəfə işğalçını ağır itkilərə məruz qoyarkən əməliyyatların dayandırılmasını və düşmənə “taym-aut” verilməsini qəbul edə bilmir.
Ancaq əlbəttə ki, atəşkəslə bağlı geniş ictimaiyyətin bilmədiyi məqamlar var ki, bu da yəqin ki, yalnız Ali Baş Komandan İlham Əliyev və müdafiə naziri Zakir Həsənova bəllidir. Təbii ki, onlar da torpaqlarımızın tezliklə azad olunmasında maraqlıdırlar.
Bir şeyi dəqiqliklə yazmaq olar ki, Silahlı Qüvvələrimizin blits-uğuru Güneyli-Quzeyli Azərbaycan toplumunda, xaricdə yaşayan soydaşlarımızda böyük ruh yüksəkliyi və görünməmiş yekdillik yaradıb, xalqın qəti qələbəyə inamını birə-on gücləndirib, onda “məğlubiyyət sindromunu” faktiki, aradan qaldırıb.
Bunu şəhidlərimizin izdihamlı dəfn mərasimləri, dünən paytaxtda, Şəhidlər Xiyabanında keçirilən Qarabağ aksiyaları, Avropa ölkələrində, qardaş Türkiyədə Ermənistan əleyhinə keçirilən nümayişlər bir daha sübut edir. Bakıda yaşayış binalarının dövlət bayraqları ilə bəzədilməsi hərbi qələbəni dadmış millətin ovqatına və qələbə əzminə dəlalət edən başqa bir detal sayıla bilər. Bir sözlə, atəşkəs olsa da Azərbaycan iki gün öncəki kimi, yenə də ayaqdadır.
***
Ermənistanda isə tam əks ab-hava hökm sürür. Düşmən ölkə yasdadır, ordumuzun qəfil və sarsıdıcı zərbəsindən özünə hələ də gəlməyib. Çünki rəsmi təbliğata rəğmən, erməni xalqı gerçək itkilərini artıq bilir və yəqin ki, çox yaxın zamanda hakimiyyətdəki “Qarabağ klanı”ndan hesab soracaq - həmçinin də 29 itkin düşmüş (daha doğrusu, öldürülmüş) erməni hərbçisinə görə.
Bu arada Azərbaycan tərəfi də düşmənin itkiləri haqda rəsmi məlumat yayıb. “Qarabağdakı qarşıdurmalar zamanı erməni tərəfinin itkiləri 200 nəfəri, yaralıları isə 500 nəfəri keçir”. Bu sözləri Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı söyləyib. Onun sözlərinə görə, ermənilər artıq öz itkilərini elan etməyə başlayıblar: “Əgər dünən erməni tərəfi 29 nəfərin ölümündən danışırdısa, indi bu rəqəmi 50-yə qaldırıblar. Həmçinin etiraf edirlər ki, itkin düşən 26 nəfər də məhv edilib. Əslində isə ermənilərin itkiləri həddən artıq çoxdur. Təkcə öldürülən erməni əsgər və zabitlərinin sayı 200-dən çoxdur”. Əlavə edək ki, dünən Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatına görə, daha iki erməni hərbçisi Kəlbəcərdə öldürülüb.
Öz növbəsində separatçı rejimin Rusiyadakı “daimi nümayəndəliyi”nin məsləhətçisi Arsen Məlik-Şahnazarov döyüşlərdə Ermənistan tərəfinin onlarla canlı qüvvəsinin məhv edildiyini etiraf edib: “Texnika cəhətdən də böyük itkilərimiz oldu - 14 tank itirmişik. 4 gün ərzində 50 nəfər həyatını itirib, həmçinin 20-30 nəfərdən xəbər yoxdur”. Bundan başqa o etiraf edib ki, Azərbaycan tərəfi bəzi mövqeləri geri alıb: “Cənub istiqamətində 3 yüksəklik onların nəzarətində qalıb. İranla sərhəddə 300-400 kvadrat kilometr ərazini əhatə edən bu 3 yüksəklik kifayət qədər vacib yüksəklikdir”.
***
Diqqətçəkici mühüm nüanslardan biri də odur ki, Ermənistanın son hərbi uğursuzluğu işğalçı ölkənin generaliteti səviyyəsində də etiraf olunmağa başlayıb. “Azərbaycan məqsədinə nail oldu”. Bu sözləri erməni generalı, Şuşanın işğalına rəhbərlik eləmiş “Kommandos” ləqəbli Arkadi Ter-Tadevosyan erməni radiosuna verdiyi müsahibədə son hərbi qarşıdurmanı şərh edərkən söyləyib. Ter-Tadevosyan həmçinin yerli KİV-ləri cəbhədəki hadisələri düzgün işıqlandırmamaqda ittiham edib.
“Fikrimcə, yerli KİV-lər hadisələri doğru işıqlandırmır. Onlar deyir ki, bu, Azərbaycanın Ermənistana qarşı genişmiqyaslı aqressiyasıdır. Rəsmi şəxslər və Müdafiə Nazirliyinin rəsmilərinin bu barədə açıqlamaları həqiqəti əks etdirmir”, vurğulayan general Azərbaycanın qarşısına tamamilə fərqli məqsədlər qoyduğunu deyib: “Azərbaycanın əsas məqsədi bizim qoşunların və texnikamızın harada olduğunu öyrənmək idi. Hesab edirəm ki, Azərbaycan öz istəyinə nail oldu. Cəbhə xəttində baş verən hadisələr döyüşlə yanaşı, kəşfiyyat xarakterli əməliyyat idi. Azərbaycanın əsasən hədəfi bu məlumatları təhlil etmək və növbəti addımı atmaqdır. Biz onlara nə ilə cavab verdik? Gözlənilməzlik faktoru olduğundan biz bir neçə mövqe itirdik” - Ter-Tadevosyan qeyd edib.
“Azərbaycanın öz hədəfinə nail olubmu” sualına general bir daha “bəli”, - deyə cavab verib: “Bəli, Azərbaycan öz istəyinə nail oldu. Bir daha təkrar edirəm: cəbhədə yaşananlar kəşfiyyat xarakterli idi”. Generalın fikrincə, Azərbaycan Qarabağ uğrunda gedən son döyüşlərdə müharibə qanunlarına riayət edərək qələbə qazanıb: “Hesab edirəm ki, Azərbaycan genişmiqyaslı hücum qərarı verəcəyi təqdirdə faktiki olaraq başladığı işi davam etdirə biləcək”.
***
Qarabağ konflikti zonasında hərbi xarakterli dəyişikliklər, belə görünür, ATƏT-in Minsk Qrupu həmsədrlərinin mövqeyinə də təsirsiz ötüşməyib. Belə ki, amerikalı həmsədr dünən Bakıda daha çox Azərbaycanın mövqeyindən çıxış edərək, işğal altındakı ərazilərdən hərbi qüvvələrin tezliklə çıxarılmasının vacibliyini bildirib.
Onun sözlərinə görə, hərtərəfli həllə orduların işğal olunmuş ərazilərdən çıxarılması, torpaqların Azərbaycana qaytarılması daxildir. Diplomat Minsk Qrupu ilə bağlı Azərbaycan xalqının məyusluğunun başadüşülən olduğunu da vurğulayıb: “Azərbaycan xalqı 20 ildən çox davam edən münaqişə ilə üz-üzədir. Amma Ermənistanda da bu məyusluq var. Həll yolu müharibə deyil. Bilirəm, asan deyil, amma yeganə həll yolu sülhdür”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?