Ermənistan tərəfi atəşkəsi pozmaqla Azərbaycan ordusunu təxribata çəkmək istəyir.
Bu sözləri Azərbaycan Respublikasının sabiq müdafiə naziri, general-mayor, Azərbaycan Respublikası Veteranlar Şurasının sədri Dadaş Rzayev Azərbaycan-Ermənistan cəbhə xəttində yaranmış son hərbi gərginliklə bağlı Axar.az-a danışarkən deyib. Generalın sözlərinə görə, ermənilər ələ keçirdiyimiz mövqelərin qaytarılmasına cəhd etsələr, daha ağır zərbələrə məruz qalacaqlar:
“Ermənistan tərəfi atəşkəsi pozmaqla Azərbaycan ordusunu təxribata çəkmək istəyir. Son günlər baş verənlər məhz bu məqsədə xidmət edir. Azərbaycan birmənalı şəkildə Ermənistanın cavabını verib. Ermənistan bu cavabdan hələ də özünə gələ bilməyib. Ona görə də cəhd edirlər ki, təxribat törətməyə davam etsinlər. Ancaq Azərbaycan Ordusu hazırda o səviyyədə hazırdır ki, hər an öz borcunu yerinə yetirə və Azərbaycan torpaqlarını azad edə bilər. Cəbhədə gedən proseslər birinci növbədə Ermənistanın işğalçı siyasətidir, digər tərəfdən isə havadarlarının köməyi nəticəsində törədilən əməllərdir. Burada özgə bir şey görmürəm. O ki qaldı qarşıda vəziyyətin necə olacağına, əgər ermənilər ordumuz tərəfindən azad edilən mövqelərin qaytarılmasına cəhd etsələr və yenidən bu ərazilərə hücuma keçsələr, o zaman ikiqat, üçqat və daha ağır zərbələrə məruz qalacaqlar”.
Qeyd edək ki, aprelin 1-dən 2-ə keçən gecə düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Azərbaycan Ordusu Talış kəndi ətrafındakı yüksəklikləri, həmçinin Seysulan kəndini və Lələtəpəni düşməndən azad edib. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.
Dünən gecə davam edən döyüşlərdə isə 3 şəhid vermişik.
Azərbaycan Silahlı Qüvvələri ötən gün düşmən ordusunun növbəti təxribatı nəticəsində erməni silahlı qüvvələrinin 3 tankı və 30-dək hərbi qulluqçusunu məhv edib. Günün sonuna doğru isə daha 170 erməni hərbçisinin məhv edildiyi barədə rəsmi məlumat yayılıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?