Vergilər Nazirliyi elektron xidməti də artırır, kağıza çəkilən xərcləri də...
Nazirlik tender qanunvericiliyindən də “yan ötür”
Vergilər Nazirliyi elektron xidmətlərin çeşidinə görə digər dövlət qurumlarını xeyli qabaqlayır.
Hazırda vergi bəyannamələrinin 90 faizindən çoxu internet üzərindən qəbul edilir. Şirkətlərin qeydiyatı da elektron qaydada aparılır.
Borclu vergi ödəyicilərinə xəbərdarlıq bildirişləri də kağız daşıyıcılarda deyil, mobil telefonla çatdırlır. Bütün bunlar gerçəkləşib, amma nazirliyin dəftərxana və təsərrüfat mallarının alınmasına çəkdiyi xərclər azalmaqdansa ilbəil artır.
Bu məqsədlə xərclərinin qaynağı təkcə dövlət büdcəsindən ayrılan vəsait yox, həm də vergi orqanı əməkdaşlarının həvəsləndirilməsi üçün nəzərdə tutulan fondun vəsaitidir. Həmin fond intizamsız vergi ödəyicilərinə qarşı tətbiq olunan maliyyə sanksiyalarından yığılan vəsait hesabına formalaşır.
Məsrəflər tam açıqlanmır
Vergi əməkdaşları 2014-cü ildə dəftərxana və təsərrüfat işlərinə 4 milyon manatdan çox xərcləyiblər.
Bunun 1 milyon 800 min manatı dövlət büdcəsinin payına düşür. Həmin il 2013-cü illə müqayisədə dəftərxana və təsərrüfat mallarına çəkilən xərclər 862 min manat və ya 27,2 faiz çoxalıb.
Nazirlik ötən il sözügedən mallara məsrəflərini hələ tam açıqlamayıb. Bəlli olan büdcədənkənar fond üzrə xərcləmələrdir. 2015-ci ildə bu fonddan dəftərxana və təsərrüfat işlərinə 2 milyon 600 min manat - əvvəlki ildəkindən 200 min manat çox xərcləyib.
Burası da suallı qalır ki, Vergilər Nazirliyi belə xərclərin heç də hamısını “Dövlət satınalmaları haqqında” qanunda nəzərdə tutulan qaydada gerçəkləşdirmir.
Satılmalamalın çox az bir hissəsi tender yolu ilə həyata keçirilir. Adıgedən qanuna görə, məbləği 50 min manatı aşan satınalmalar tender təməlində gerçəkləşdirilməli və birbaşa müqavilələr bağlanmamalıdır.
Bu ilin martında Vergilər Nazirliyi «Office Lines» MMC ilə dəftərxana mallarının alınmasına 297 min 467 manat 38 qəpik məbləğində müqavilə bağlayıb. Təsərrüfat mallarını isə 143 min 291 manat 12 qəpik ödənilməklə «Ofis Aləmi» MMC tədarük edəcək.
8 dəfə çox pul xərclənib
Nazirliyin Satınalmalar üzrə Dövlət Agentliyinə (hazırda ləğv prosesindədir- red.) təqdim etdiyi məlumatlara görə, ötən il bu qurum dəftərxana və təsərrüfat işləri üçün təchizatçı şirkətlərlə («B.N.M» MMC və «Bestpack» MMC), tenderdən yararlanaraq, 604 min manat dəyərində müqavilə bağlayıb.
2014-cü ildə tenderlərdə «Office Support» və «Office Lines» şirkətləri 537 min manatlıq mal təqdim etməyə boyun olublar. Di gəl, nazirlik həmin il dəftərxana və təsərrüfat ehtiyaclarına bundan təxminən 8 dəfə çox pul xərcləyib.
AzadlıqRadiosu Vergilər Nazirliynə qeyd olunan xərclərin ilbəil artması, satınalmaların heç də hamısının tender yolu ilə aparılmadığı barədə sorğu göndərsə də, qurumun mətbuat xidməti bu sorğunu cavabsız qoyub.
Buna da bax: "Rusiya bölgədən getsə, Azərbaycan savaşı udacaq"
Sorğu
Yeni dizaynımız necədir?