Qazax rayonu Xanlıqlar kəndinin 80 sakini mətbuata şikayət məktubu ilə müraciət ediblər. Həmin şikayət məktubunu olduğu kimi nəzərinizə çatdırırıq. "Hörmətli redaksiya! Biz Qazax rayonu Xanlıqlar kəndinin 80 sakini başımıza gətirilənlərlə bağlı sizə məktub ünvanlayırıq. Rauf Hüseynov 06 oktyabr 2011-ci ildə Qazax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən çıxarıldı. Təxminən 20 gün Qazaxa RİH başçısı təyin edilmədi. Bu müddətdə isə bəzi işbazlar qaz vurub qazan doldurdular. O cümlədən Qazax RİH- nin ərazi idarəetmə üzrə şöbə müdiri Məmməd Alıyev. Qeyd edək ki, Məmməd Alıyev əslən rayonun Xanlıqlar kəndindəndir. Əslində Xanlıqlar kənd sakinləri əvvəllər buna sevinmişdilər ki, kəndçilərinin kəndə bir xeyri dəyəcək. Amma gözlənilənlərin tam əksinə oldu. Məmməd Alıyev daha da öz kəndinə qənim kəsildi. Xanlıqlar kəndində 800-dən artıq ev var. Kənd sakinləri əsasən heyvandarlıqla məşğul olurlar. Bununçün kənddə münbit şərait var. Çox geniş örüş sahələri var. Lakin Məmməd Alıyev rayon torpaq şöbəsinin müdiri Sərxan Nəbiyevlə əlbir olaraq bu örüş sahəsinin mənimsənilməsini "qanuniləşdirmək" istəyir. Belə ki, Bakı Metropoliteninin əslən Qazaxdan olan Biləndər adlı vəzifəli bir işçisi bu örüş sahəsində ferma tikdirmək istəyir. Qanunla örüş əraziləri milliləşsə də Rauf Hüseynovun işdən çıxarılması və yeni icra başçısı Ayaz Əsgərovun gəlişinə qədərki müddətdə adları çəkilən işbazlar məsələyə qanuni don geyindiriblər. Həmin Biləndər adlı şəxsin yaxın qohumu Adıgözəlov Eldara örüş sahəsini sataraq orada ferma tikilməsini "qanuniləşdiriblər". Qeyd edək ki, ferma tikilən ərazi kənd qəbristanlığının lap yaxınlığındadır. Bu isə əhalini daha da narahat edir. Kənd sakinləri rayon prokurorluğuna müraciət etsələr də heç bir xeyri olmayıb. RİH- nə edilən müraciətdən sonra isə daha biabırçı olaylar yaşanıb. 26 fevral 2013-cü ildə kəndə Xocalı faciəsi ilə bağlı kəndə təşrif gətirdiklərini deyən RİH nümayəndələri kənd sakinlərini iclas zalına yığdıqdan sonra xüsusi öyrədilmiş adamlar vasitəsilə örüş yerində tikiləcək fermanın "qanuniliyini" kənd cammatına çatdırmaq istədilər. Hansı ki, həmin adamların həmin örüş yeri ilə heç bir əlaqələri yoxdur. Eyni zamanda iclas zalına çoxlu sayda polis yığmaqla kənd camaatının gözünü qorxutmaq istədilər. Amma bütün bunlara rəğmən kənd camaatı geri çəkilmək fikrində deyil. Bu günlərdə 80-ə yaxın kənd sakini dövlət başçısı cənab İlham Əliyevə müraciət ünvanlayıb. Sonda onu da qeyd edək ki, işçisi bizim torpaqları mənimsəyən Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun özünün də Ağstafa rayonunda bir neçə iri obyekti var. Ərazidəki ən böyük şadlıq sarayı olan "Sezar" ona məxsusdur. Həmçinin tikilməkdə olan bir sıra otel, restoran və sair obyektləri də var".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?