Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən anspress-ə verilən məlumata görə, hadisə Hacıqabul rayonu Qarasu kəndi ərazisində qeydə alınıb. Göyçay rayonunun Qarabaqqal kənd sakini Əhməd Bəxtiyar oğlu Nuriyev idarə etdiyi 90- MU- 953 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə yolu keçən piyada Qarasu kənd sakini, 1972-ci il təvəllüdlü Rza Alış oğlu Abışovu vurub.
Qəza nəticəsində piyada Rza Abışov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Sürücü Əhməd Nuriyev isə mərhumun ailə üzvlərinin ona xəsarət yetirə biləcəyindən ehtiyat edərək avtomobilini hadisə yerində qoyaraq ərazidən uzaqlaşıb. Bir müddət sonra isə polisə könüllü olaraq təslim olub.
Faktla bağlı araşdırma davam etdirilir.
Ölkə ərazisində ölümlə nəticələnən sonuncu ağır qəza Şəmkir rayonunda qeydə alınıb. Bakı - Qazax magistralının rayonun Könüllü kəndi ərazisindən keçən hissəsində "Mercedes" markalı yük avtomobili ilə "VAZ 2106" markalı minik maşını toqquşub. Nəticədə "VAZ"-ın sürücüsü 47 yaşlı Mürvət Məmmədov və sərnişin 45 yaşlı Rafiq Verdiyev dünyasını dəyişib.
Meyitlər Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəmkir rayon şöbəsinə aparılıb və müayinədən sonra ailələrinə təhvil verilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?