Paytaxtın mərkəzi küçələrində yüzlərlə masaj salonuna rast gəlmək mümkündür. Bu obyektlər masaj salonu adı ilə fəaliyyət göstərsələr də, bir çoxunun başqa “xidmətlər” də göstərdiyi hər kəsə məlumdur. Təəssüf ki, həmin obyektlər əsasən insanların gediş-gəlişinin çox olduğu yerlərdə fəaliyyət göstərirlər. Hərəkətin intensiv olduğu yerlərdə “masaj salonları”nın müştəri toplamaq, özünü reklam etmək imkanları da çox olur. Buna baxmayaraq, bu salonlar şəhərin müxtəlif yerlərində vizit kartlar paylayaraq insanları bu yolla əxlaqsızlıq yuvasına cəlb etmək, qazanclarını daha da artırmaq istəyirlər. Dayanacaqlarda, parklarda, əhalinin istirahət etdiyi məkanlarda obyektlərini tanıtmağa çalışırlar. Elan paylamaq üçün isə günəmuzd işçilər tuturlar. “Masaj salonu”nun vizit kartını daha cəlbedici etmək üçün üzərində çılpaq qadın şəkilləri qoymaqdan belə, çəkinmirlər. Musavat.com-un əməkdaşı “Tarqovı” adı ilə tanınan Nizami küçəsində təsadüfən bu rəzalətin şahidi olub. “Tarqovı” küçəsində çəkiliş apararkən bir neçə yaşlı insanın “sizi, lənətə gələsiz, köpək uşağı” sözləri diqqətimizi çəkdi. Bir qədər yaxınlaşıb, qulaq asdıqdan sonra bəlli oldu ki, 20-25 yaşlı gənc bu yaşlı insanlara üzərində çılpaq kişi və qadın şəkili olan vizit kart verib, masaj salonunun “xidmətlər”indən faydalanmağı məsləhət görüb. Üstəlik də, “dayıcan, bütün xidmətimiz var, gəlib masaj olunarsız” deyib. Bu sözlər isə parkda dincələn ağsaqqal kişilərin narazılığına səbəb olub. Buna görə, həmin şəxsi təhqir edib, qovublar. Həmin ərazidə, skamyaların birində əyləşən onlarla şəxsin əlində masaj salonunun elanını gördük. Ən acınacaqlısı o idi ki, həmin şəxslərin arasında azyaşlılar da var idi. Onlar elanın üzərindəki çılpaq qadının müştərisinin kürəyinə çıxıb, erotik poza verdiyi şəklə baxaraq qımışırdılar. Diqqəti çəkən məqamlardan biri də odur ki, “Qala” masaj salonunun vizit kartı üzərində əlaqə nömrələri olsa da, ünvanı barədə məlumat yox idi. Əlində reklam kartı olan şəxslərdən biri ilə söhbətləşdik. Vizit kartdan ona da verildiyini dedi: “Avropada belə hallara çox rast gəlmişəm. Lakin ictimaiyyətin gözü önündə bunun edilməsi dünyanın heç yerində yoxdur. Avropada intim xidmətlər üçün ictimaiyyətdən uzaqda xüsusi məkanlar yaradılıb. Uşaqların və qadınların gözü önündə belə vizit kartlarını paylamağı, azyaşlılar arasında təbliğ etməyi düzgün hesab etmirəm”. “Qala” masaj salonunun həqiqətən də masaj salonu kimi xidmət göstərməsinə inanmadığımız üçün müştəri adı ilə elanın üzərindəki nömrəyə zəng etdik. Telefonu bir xanım götürdü: – Masaj neçəyədir? – “50-yə” (yəni, 50 manata) – Harada yerləşir? – “Tbilisi prospektinə gəl, orada şüşəli keçid var, onu keç… Oradan bizə zəng elə, qarşılayacağıq, səni…” – İntim münasibət varmı, sizdə..? – Hmm… Bunu telefonda danışa bilmərəm. Gəlin danışarıq… Dəqiq ünvanın göstərilməməsi və telefonda açıq danışmaqdan çəkinmələri də sübut edir ki, bura əslində, masaj salonu adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvasıdır. Bakının mərkəzində onların fəaliyyətinə nəinki heç bir məhdudiyyət qoyulmur, əksinə, hətta reklam vərəqələrinin paylanılmasına belə, göz yumulur. Daha dəhşətli məqam isə bu tələyə daha çox azyaşlıların, yeniyetmələrin düşməsidir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?