“Narkotik ittihamı ilə həbs olunan şəxsin evindən kitab götürülməsi də göstərir ki, ona qarşı yeni ittiham sürmək üçün əsas axtarılır”
Aprelin 9-da ilahiyyatçı Tale Bağırzadənin evində axtarış aparılıb. Bu haqda məlumatı onun vəkili Anar Qasımlı verib: «Axtarış vaxtı Tale Bağırzadənin evindən ərəb əlifbası ilə yazılmış kitablar götürülüb. Həmin kitabları götürən müstəntiq onların məzmunundan xəbərsizdir. Narkotik ittihamı ilə həbs olunan şəxsin evindən kitab götürülməsi də göstərir ki, ona qarşı yeni ittiham sürmək üçün əsas axtarılır». Vəkilin dediyinə görə, yüksəkvəzifəli şəxslər Tale Bağırzadə ilə son xütbə haqda söhbət aparıblar. Vəkil həmin yüksək vəzifəli şəxslərin kimliyini açıqlaya bilməyəcəyini söyləyir: «Ona deyiblər ki, guya həbsinə etiraz olaraq Zeynəb Xanlarovanın, eləcə də hansısa nazir müavininə məxsus Nardarandakı bağ evini yandırıblar. Bundan başqa, guya kimlərsə Bakı şəhər İcra Hakimiyyətini yandırmağa cəhd göstəriblər. Həmin adamların tutulduğu və təşkilatçının da Tale Bağırzadənin olduğunu etiraf etdikləri bildirilib. Bu da yeni ittihamların verilə biləcəyini göstərir». Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən yeni ittihamlar haqda deyilənləri nə təsdiq, nə də təkzib etdilər. Bu haqda dəqiqləşdirmə apardıqdan sonra məlumat verəcəklərini söylədilər. Aprelin 11-də Tale Bağırzadə ilə bağlı iki məhkəmə iclasının keçirilməsi gözlənir. Vəkilin dediyinə görə, onlardan biri ilahiyyatçının işgəncəyə məruz qalması ilə bağlıdır. Bakı Apelyasiya Məhkəməsində isə Taleh Bağırzadənin həbsindən verilən apellyasiya şikayətinə baxılacaq. T.Bağırzadə martın 31-də saxlanıb. Onun üstündən 1.026 qram heroin çıxdığı bildirilir. Sabunçu rayon Məhkəməsi ilahiyyatçı haqqında iki aylıq həbs qətimkan qərarı verib. O, CM-nin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham olunur. T.Bağırzadə həbsindən bir həftə əvvəl Maştağa qəsəbəsindəki «Həzrət Əbülfəzl-Abbas» məscidindəki xütbəsində hakimiyyəti tənqid etmişdi.
Sorğu
Yeni dizaynımız necədir?