Ötən gecə erməni silahlı birləşmələri cəbhə yenidən gərginlik yaradıb. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, bir gün əvvəl Azərbaycan Ordusundan ağır zərbə alan ermənilər elə yenə həmin istiqamətdən, qoşunların təmas xəttinin Tərtər istiqamətində yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.
Tərtərin Qaynaq kəndi erməni mövqelərinə yaxın yaşayış məntəqələrindəndir. Bir gün əvvəl kəndə 3 mərmi düşüb. Ağır artilleriyadan açılan onlarla mərmi əkin sahələrinə də zərər vurub.
İki gündür kəndin yaxınlığında atışma getməsinə baxmayaraq, kənd sakinləri evlərini tərk etmək barədə düşünmürlər.
Kənd sakini Etibar Həsənov ordumuzun çox güclü olduğunu deyir: "Millətimizə, ordumuza güvənib kəndimizdə oturmuşuq. Sağ olsun Azərbaycan xalqı. Hara çıxmalıyıq? Erməni rədd olsun bizim torpağımızdan. Bizim ordumuz onlardan çox güclüdür".
Digər kənd sakini Teymur Həsənov deyib ki, erməni tərəfin hərbi texnikası və silahları çox zəifdir: "Texnika onlarda çox zəifdir. Allaha şükür, bizim ordu onlar bir dənə silah atanda dərhal onları susdurur. Daha onlar ikincini ata bilmir. Bizim texnikalar çox müasirdir. Mən elə köhnə veteranam. Amma yenə getməyə hazıram. Bu cavanlar da hamısı bu saat çağırsalar, hamısı gedəsidir".
Atışma gecə saat 24:00 radələrindən başlayıb və fasilələrlə 3-dək davam edib. Erməni hərbi birləşmələri Azərbaycan Ordusunun cavab zərbələri ilə susdurulub.
Tərtər Rayon İcra Hakimiyyəti ziyan dəyən evlərlə bağlı araşdırmalara başlayıb. İlkin məlumata görə, ümumilikdə 7 yaşayış məntəqəsində 20 fərdi evə, elektrik, rabitə və su xətlərinə ziyan dəyib.
Taxıl və əkin sahələrinə, həyətyanı təsərrüfatlara da mərmi düşüb. Mərmilərdən biri rayonun Yuxarı Qapanlı kənd sakini Azad Süleymanovun həyətinə düşüb və onun 3 baş heyvanının yaralanmasına səbəb olub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?