"Abşeron” gənclər şəhərciyinə qazın verilməsi prosesi dayandırılıb. Bu barədə şəhərciyin bir qrup sakini bildirib.
Şikayətçilərin sözlərinə görə, bu ilin yanvar ayından kompleksə qazın çəkilməsi işi başlanılsa da, mart ayının 1-də işlər dayandırılıb: "İki ay müddətində cəmi 14 blok qazlaşdırıldı. Sonra şəhərciyi inşa edən "Akkord” tikinti şirkəti qazı çəkən podratçı şirkətin haqqını vermədi. Ona görə də həmin şirkət işi yarımçıq qoyub, getdi. Şəhərcikdəki Mənzil-İstismar İdarəsi isə dayandırılmanın səbəbindən xəbərsiz olduğunu bildirir. Bu da o deməkdir ki, ən azı bu qışı da qazsız keçirəcəyik”.
Sakinlər dövlət başçısı İlham Əliyevdən və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevadan kömək istəyiblər: "Biz Prezidentimizin və xanımının humanist, insanpərvər olduqlarını bilirik. Onlar həmişə bizim yanımızdadır. Bunu bütün davranışlarında, məxsusi olaraq cəbhədəki gərginliklə bağlı cəbhə bölgələrinə səfər etmələri, şəhid ailələrinə və yaralı əsgər, zabitlərimizə baş çəkmələri ilə bir daha sübut etdilər. Azərbaycan xalqına həmişə diqqət və qayğı göstəriblər. Xalqla Prezident və xanımı arasındakı təmaslar çox sıxdır. Bu baxımdan möhtərəm Prezidentimizdən və dəyərli xanımından xahiş edirik ki, həmişə olduğu kimi, bu dəfə də humanist addım ataraq, problemimizin həllinə dair göstəriş versinlər. Çünki soyuqlar düşən kimi şəhərcikdə həyat iflic olur. Dözülməz vəziyyət yaranır. Şəhərcik gənc ailələr üçün nəzərdə tutulsa da, burada gənclərə "divan tutulur”. Baxın, illərdir ki, binalar tikilib, istifadəyə verilib. Amma qazla təmin edilməyib.
Bir çox əlaqədar şəxslərə çoxsaylı müraciətlər olunub. Hər dəfə "qaz növbəti il veriləcək” deyib, bizi aldadıblar. Təsəvvür edin ki, şəhərciyə məxsus məktəb və bağça qazlaşdırılıb. Amma sakinlər yaşayan binalara qaz verilmir. Belə olan halda, soyuq havalarda mənzilləri qızdırmaq mümkünsüz olur və nəticədə hamımız xəstə düşürük. Dərdimizə çarə tapılmır. Bütün mənzillərə qaz xətti çəkilib, sayğaclar quraşdırılıb. Lakin qaz buraxılmır. Evlərimizi "kondisioner” və başqa isitmə vasitələri ilə qızdırırıq. Bunu da cəmi bir ay edə bilirik. Ona görə ki, həmin cihazlardan istifadə etdikdə, ayda ən azı 100-150 manat işıq pulu ödəməli oluruq. Bu da az qala əmək haqlarımızın yarısı deməkdir. Neft-qaz ölkəsində qazsız qalmışıq. Bir sözlə, ümidimiz cənab Prezidentimizə və dəyərli xanımına qalıb. İnanırıq ki, məhz onların iradəsi sayəsində problemimiz həllini tapacaq”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?