VƏ YAXUD PA ŞEFİNƏ DOĞUM GÜNÜ MÜNASİBƏTİLƏ TƏBRİK ƏVƏZİ QEYDLƏR
Bu gün onun doğum günüdür. Ramiz Ənvər oğlu Mehdiyevin 75 yaşı tamam olur. İllərdir ki, onun adı mətbuatda heç də müsbətə doğru hallanmır. Və ölkədə baş verən bütün mənfi xarakterli hadisələrin altında məhz onun imzasının dayandığı iddia olunur. Bu, belədir ya yox, ortada bir fakt var və hələ ki, deyilənlər təkzib olunmur, əksinə, deyilənlər ilkin deyilişindən də sərt formada təsdiqini tapmaqdadır. Bəli, 75 il əvvəl dünyaya göz açan Ramiz Mehdiyev bu gün ömrünün ahıl çağlarını yaşadığı kimi qosqoca Azərbaycan türkünü də ixtiyarlaşdırıb. Bu ixtiyarlaşmanın nə müdrikliyə, nə də qətiyyətə heç bir aidiyyatı yoxdur. Və bu gün hətta gənclərimiz belə bir ahıl kimi özlərini çarəsiz durumda hiss edirlər ki, bunun da tək baiskarı kimi Azərbaycanı cani-dildən Rusiyaya bağlayan yeganə körpü kimi tanıdığımız Ramiz Mehdiyevdir. O, kifayət qədər ağıllı və səriştəlidir. Amma nə yazıq ki, bütün bunlar və Mehdiyevin illər ərzində əxz etdiyi böyük təcrübə Azərbaycan dövlətinin və Azərbaycan türkünün mənafelərinə xidmətdə deyil. Bu gün bu ağıl və təcrübə müəyyən bir qrupun cılız siyasi və iqtisadi maraqları fonunda xərclənir ki, buna da heyifslənməmək olmur. Bu sarıdan Azərbaycan türkünün bəxti hər zaman gətirməyib. Biz o millətik ki, yetişdirib ortaya çıxardığımız generalımız bir sədaqət andına millətinin və dövlətinin maraqlarına xəyanət edib. Biz o millətik ki, ortaya çıxardığımız dahilərimizin əksəriyyətinin dahiliyi məhz bu millətə qan uddurması üzərində möhtəşəmlik qazanıb. Biz o millətik ki, hələ də şanssızcasına gənckən qocalar kimi düşünüb, nə zaman öləcəyimizə tədarük görməkdəyik, kəfən pulunu yastığımızın altında bərk-bərk saxlayırıq. Çünki bizim başımızda bir ahıl hökmü var və onun qocalmış ruhu bütün məmləkəti ölüm kabusu kimi ağuşuna almaqdadır. Amma yenə də, bu gün onun doğum günüdür. Biz də "Gündəm Xəbər" olaraq möhtərəm akademikimizi təbrik edirik. Ona ən gözəl nəsnəni - Azərbaycan sevgisini arzulayırıq…
Sorğu
Yeni dizaynımız necədir?