Ölkə başçısı “Kütləvi informasiya vasitələri haqqında” qanuna edilən son dəyişiklikləri təsdiqləyib.
Milli Məclisdə qəbul edilmiş dəyişikliklər yayılması məhdudlaşdırılan informasiyalarla bağlıdır. Bununla əlaqədar qanunun 3-cü maddəsinə yeni bəndlər əlavə edilib.
Əlavələrdə söhbət nədən gedir?
Qanuna əlavə edilən bəndlərdən birinə görə, media bundan sonra hər hansı cinayət işi üzrə tərtib olunan və informasiya əldə edilməsi haqqında qanunvericiliyə uyğun sənədləşdirilmiş materialların surətlərini olduğu kimi yaya bilməyəcək. Yəni, cinayət işi materiallarına daxil edilən hər hansı izahat, ifadə və ya ittiham aktının surətinin olduğu kimi yayılmasına yasaq qoyulur.
Digər əlavə yetkinlik yaşına çatmayanlara aid bilgilərlə bağlıdır. Əlavəyə görə, yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkənin şəxsiyyəti barədə hər hansı məlumatların onların nümayəndələrinin razılığı olmadan yayılmasına yol verilmir.
“Kütləvi informasiya vasitələri haqqında”, eləcə də “İnformasiya əldə edilməsi haqqında” qanunu əvvəllər beynəlxalq qurumlar, ekspertlər nisbətən yüksək qiymətləndirirdilər.
Son 8-10 ildə bu qanunlara azı 15 dəfə dəyişiklik edilib.
Bu dəyişikliklər ekspertlərin fikrincə əsasən, informasiya azadlığını məhdudlaşdıran, mediaya nəzarəti artıran məzmunda olub. Son dəyişiklikləri də bəzi ekspertlər bilgi azadlığının çərçivəsinin daralması kimi dəyərləndirirlər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?