Lamiyə Məcidova: “Bəlkə də Azərbaycanda belə bir acınacaqlı vəziyyətdə yaşayan ikinci bir ailə yoxdur” Əksər bölgələrdə imkansız ailələrin, işsizlərin, minbir zülmə düçar olanların hansı rəzaləti yaşamaları, yəqin ki, hər kəsə bəlli olan həqiqətdir. Belə ailələrdən biri də, Göyçay rayonu Natəvan küçəsi ev-8 ünvanında yaşayan Məcidova Lamiyə Sərxan qızıgilin ailəsidir. Heç bir kimsədən köməklik görməyən, dolanışıq vəziyyətləri minimum həddə olan, birbaşa ölüm təhlükəsi ilə üz-üzə qalan bu ailə, sanki özlərini Somalidə acınacaqlı vəziyyətdə yaşayanlarla eyniləşdirirlər. Lamiyə Məcidova “Gündəm Xəbər”ə ünvanladığı müraciətində yazır ki, “bizim ailə Göyçay rayonunda yoxsulluq, dilənçilik vəziyyətindən də aşağı səviyyədə yaşayan bir azərbaycanlı ailəsidir. Beş nəfər azyaşlı uşaqla üstü aşıq, heç bir döşəməsi, qismən olsa belə şəraiti olmayan hasarın içərisində yaşayırıq. Bir neçə vaxtdır ki, intensiv yağan yağış suları ailə üzvlərimizin hər birini sağalmaz xəstəliyə düçür edib. Müayinə olunsaq, bəlkə də vərəm xəstəliyinə də düçar olmuşuq. Böyük övladımızın on, kiçiyinin isə bir yaşı olmaqla, cəmi beş övladımız var. Ailə üzvlərimizdən bir kimsə əmək fəaliyyəti ilə məşğul olmadığından, evimizə gəlir gətirən yoxdur. Həyat yoldaşım iş olanda fəhləlik edir, olmayanda isə evdə işsiz oturur. Ancaq elə hallar da olur ki, aylarla iş tapmır. Övladlarımızın üçü məktəbli olsa da, paltarları olmadığından dərsə gedə bilmirlər. Çörək almağa imkanımız olmadığından, elə olur ki, günlərlə ac qalırıq. Heç bir kimsədən köməyimiz yoxdur. Evimizdə televizorumuz, işığımız, qazımız və suyumuz belə yoxdur. Bu yaşamaq deyil, birbaşa zülm çəkməkdir. Bəlkə də Azərbaycanda belə bir acınacaqlı vəziyyətdə yaşayan ikinci bir ailə yoxdur. Üz-üzə qaldığımız problemlərin həlli ilə bağlı dəfələrlə rayon rəhbərliyinin qəbullarında olsaq da, hər dəfə vədlər verilmiş, amma heç bir halda həllini tapmamışdır. Mən mətbuat vasitəsi ilə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevadan dönə-dönə xahiş edirəm ki, bizə kömək əlinizi uzadın, imkan verməyin ki, bu günahsız körpələr aclıqdan, xəstəlikdən, şəraitsizlikdən dünyalarını dəyişsinlər. Mehriban xanım! Siz olduqca humanist, mərhəmətli və ədalətli bir qadınsız. İnanıram ki, siz bizim ailəyə kömək əlinizi uzatmaqla, bizi ölmün pəncəsindən xilas edəcəksiniz”. Bəli, bu bir ailənin faciəsi, düçar olduqları çıxılmaz vəziyyətin mənzərəsidir ki, hələ də onların problemlərinə yerli vəzifə sahibləri biganə yanaşmaqdadırlar. O, halda sual oluna bilər ki, vəzifə sahibləri bu cür vəziyyətlə üz-üzə qalmış sakinlərin problemlərini həll etməməklə nəyə nail olmaq istəyirlər? Belə bir halın varlığı, hələ ki, bizi düşündürməkdədir. Problemin varlığını diqqətdə saxlayacağıq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?