Bu ilin aprel ayı ərzində Azərbaycan-Ermənistan cəbhə xəttində baş verən hadisələrlə əlaqədar Ağdam, Goranboy və Tərtər rayonlarında cəbhə bölgəsinə yaxın yerləşən bəzi məktəblərdə tədris prosesi pozulub. Yaranmış vəziyyət nəzərə alınaraq Təhsil Nazirliyinin təklifi və Nazirlər Kabinetinin razılığı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən Ağdam rayonu üzrə 23, Tərtər rayonu üzrə 21, Goranboy rayonu üzrə isə 5 məktəbin IX və XI siniflərində təhsil alan ümumilikdə 1652 şagirdi buraxılış imtahanlarından azad edilib.
Bu barədə "Report"a TQDK-nın mətbuat xidmətindən məlumat verilib.
Bu məzunların ümumi və tam orta təhsil haqqında sənədinə yazılacaq yekun qiymətləri buraxılışdan əvvəlki və buraxılış ili üzrə illik qiymətləri əsasında müəyyənləşəcək. Ali təhsil müəssisələrinin V ixtisas qrupu və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən məzunlar isə buraxılış imtahanında mütləq iştirak etməlidirlər.
Buraxılış imtahanlarından azad olunmuş cəbhə bölgəsinə yaxın məktəblər və onların məzunlarının sayı haqqında məlumatı keçiddən əldə etmək olar.
2015/2016-cı tədris ilində 1153 şagird isə sağlamlıq imkanları məhdud olduğu üçün rayon (şəhər) təhsil şöbələri nəzdində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı ilə buraxılış imtahanlarından azad olunub. Bu məzunların da ümumi və tam orta təhsil haqqında sənədinə yazılacaq yekun qiymətləri buraxılışdan əvvəlki və buraxılış ili üzrə illik qiymətləri əsasında müəyyənləşəcək.
Səhhətinə görə buraxılış imtahanlarından azad edilmiş şagirdlərin siyahısı ilə burada tanış olmaq olar.
Sorğu
Yeni dizaynımız necədir?