Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi aprel döyüşlərində cəbhə bölgəsində ziyan görən tarixi-dini abidələrlə bağlı açıqlama yayıb.
«Bu ilin aprel ayında cəbhədə baş verən döyüşlər zamanı Ermənistan hərbiçilərinin Ağdam rayonunun Mahrızlı kənd qəbiristanlığına atdığı top mərmiləri nəticəsində 6 qəbir tamamilə dağılıb. 7 qəbrin isə baş və sinə daşları tamamilə yararsız hala düşüb»,-komitənin rəsmi saytında yayılan açıqlamada qeyd edilir.
Komitə bildirir ki, Ağdam rayonunun Xındırıstan, Əhmədağalı və Zəngişalı kənd məscidlərinin divarlarında böyük çatlar əmələ gəlib: «Top mərmiləri Tərtər şəhər «Cümə» məscidin bir tərəfinin divarlarında çatlar əmələ gətirib. Birinci Qarabağ müharibəsi dövründə atılan mərmilərdən biri Tərtər şəhər «Cümə» məscidinin minarələrindən birini zədələmişdi».
Komitə işğal altında qalan tarixi-dini abidələrlə bağlı da məlumat yayıb: «Araşdırmalarımıza əsasən, işğal altındakı torpaqlarımızda təsbit olunan tarixi-dini abidələrin təqribi sayı 403-dür. Onlardan 67-si məscidlər, 144-ü məbədlər, 192-si ziyarətgahlardır».
Dövlət Komitəsi bildirir ki, bu vəziyyətlə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinə etiraz məktubu göndərilib.
Qarabağ cəbhəsində aprelin 2-dən 5-dək hərbi toqquşmalar baş verib. Hər iki tərəfdən onlarla hərbçi həlak olub.
Aprelin 5-də tərəflər Moskvada yenidən hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığa gəliblər.
Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Dağlıq Qarabağ separatçıları və Ermənistan qoşunları Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu işğal ediblər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?