Artıq Ağdamın işğalından 24 il də keçir. Hələ də itirilmiş torpaqlarımızın azad olunacağı günü səbirsizliklə gözləyirəm. Nənəm bu həyatdan 85 yaşında Ağdam nisgili ilə köçdü. Atam isə televiziyadan eşitdi ki, ermənilər Ağdamı Onko adlandırırlar, o da belə bir dərdə dözmədi. Odur ki, onun yazmış olduğu bu şeir parçalarını heç vaxt unuda bilməyəcəyəm. Əsən yellər, əsən yellər, Qarabağdan xəbər söylə, Yaşıl meşə, soyuq bulaq, Haça Dağdan xəbər söylə!
Guruldayan dağ çayları, Ərşə qalxır harayları, O yerlərdən xəbər söylə, Heydər deyə yana-yana, Yandı bağrım dözmür daha, Bizim eldən xəbər söylə, Bərk darıxdım xəbər söylə! Rayonun Gülablı kəndi də, Ağdamın cənnət-məkan kəndlərindən biri idi. Şiş qayalarla, sıx meşələrlə əhatə olunmuşdu. Nəhəng qoz ağacları, qollu-budaqlı tut ağacları, buz kimi axıb süzülən bulaqları, kəndimizin əvəzsiz nemətllərdən idi. Tanrının ən qiymətli neməti isə, əldə olunan azadlıqdır. Azadlıq verilmir, əldə olunur. 2016-cı ilin aprelində torpaqlarımız barədə xoş xəbərlər eşitsək də, hələ də gözlərimiz yollardadır. Biz hər gün, hər saat Qarabağmızın azad olunacağı günü səbirsizliklə gözləyirik. Mən hal-hazırda Səbail rayonundakı şəhid Etibar Əliyev adına 162 saylı tam orta məktəbdə tarix müəllimi işləyirəm. Daxilimdə baş qaldıran bir hiss, məni olduqca narahat edir. Cahan anamı, Heydər atamı Qarabağ nisgili bu həyatdan vaxsız-vədəsiz köçürdü. Hərdənbir atamın məktəb xatirələri yadıma düşür. C.Cabbarlının “1905-ci ildə” əsərində onun məktəb dərnəyindəki aktyorluq məharəti, İmamverdi və Allahverdinin isə sadə, məzlum insanlara qarşı düşmənə çevrilməsi, öz-özlüyündə insanlığı məngənəyə salan hallardır. Ümumiyyətlə, azadlıq fəlsəfi mənada olduqca böyük bir mənanı ifadə edir. Buna görə də, bütöv Cahana azadlıq arzulayıram. Səbirsizliklə Qarabağmızın azad olunacağı günü gözləyirəm! Gülbəniz Abbasova Səbail rayonu 162 saylı məktəbin müəllimi
Gülablı Kəklik, turac çöllərini bəzəyir, Nanə, kəklikotu ətir çiləyir, Kol dibində bənövşə də yurd edir, Nə gözəldir, sevimlidir Gülablı! Sıx meşələr ceyranları bəsləyir, Şiş qayalar qartalları səsləyir, Buz bulaqlar hər tərəfə nur çiləyir, Nə gözəldir, sevimlidir Gülablı!
Duman gəlib zirvələri bürüyər, Qızıl qayam ağ örpək də geyinər, Şuşanın havası gendən bilinər, Nə gözəldir, sevimlidir Gülablı! Qonaqpərvər, istiqanlı elin var, Qapıların qonaq üçün taybatay, Çətin gündə, dar günündə tanınar, Qədrini bilərlər sənin Gülablı!
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?