Bakı sakini “Park-Bulvar” başına gəlmiş misli görünməmiş qəribə hadisə barədə yazıb.
Paytaxt sakini qeyd edib ki, iyunun 25-də saat 18:19 radələrində öz avtomobilini “Park-Bulvar”ın pullu yeraltı dayanacağına qoyub. Bir neçə saat sonra qəfildən səhhəti pisləşib və avtomobilini həmin gün götürə bilməyib. Bir gün sonra, iyunun 26-da saat 21:11-də avtomobilini götürmək üçün adıçəkilən obyektə üz tutub. Lakin burada ona qeyri-adi və qanunsuz ittiham irəli sürərək 52 manat cərimə yazıldığını bildiriblər. Səbəbini soruşduqda isə ona deyilib ki, bəs, saat 03-dən sonra burada maşın saxlamaq qadağandır, buna görə cərimə 50 manatdır. Vətəndaş bildirib ki, maşını dayanacağa saat 03-dən sonra qoymayıb, gündüz vaxtı qoyub və hər saata görə də ödənişi etməyə hazırdır. Lakin əyləncə mərkəzinin əməkdaşları heç bir qanuni əsas gətirmədən vətəndaşdan 52 manat cərimə ödəməsini tələb ediblər.
“Park-Bulvar” rəhbərliyi belə anormal qaydaları hardan kəşf edib? Ümumiyyətlə, bu qanunsuzluq və soyğunçuluğu edərkən hansı qanuna, qaydalara istinad edilib?
Tanınmış ekspert Ərşad Hüseynov bildirib ki, cərimə deyilən sanksiyanı vətəndaş barəsində yalnız səlahiyyətli dövlət orqanları tətbiq edə bilər: “Bu da yalnız İnzibati Xətalar Məcəlləsində göstərilən hallarda mümkündür, başqa bir halda vətəndaşa cərimə adında sanksiya tətbiq oluna bilməz. Əgər belə bir hal varsa, bu özbaşınalıqdır, qanunsuzluqdur. İnzibati Xətalar Məcəlləsində belə bir sanksiya yoxdur ki, avtomobili hər hansı saatdan sonra yerləşdirəndə yaxud da, gec götürəndə sanksiya, cərimə tətbiq olunsun. Bu məsələnin birinci tərəfi, ikincisi isə dayanacaqda göstərilən xidmət hansısa mülkü hüquqi xidmətdir”.
Göründüyü kimi, əvvəllər də vətəndaşlara qarşı dələduzluq halları ilə bağlı mətbuatda haqqında dəfələrlə mənfi məlumatlar yayılan “Park-Bulvar” Əyləncə Mərkəzi qanunsuz əməllərindən əl çəkmir. Bu mərkəzin rəhbərliyi yəqin elə düşünür ki, ora gələnlər hamısı milyonçudur, müxtəlif üsullarla onların pullarını əlindən almaq olar.
Qeyd edək ki, məsələyə münasibət öyrənmək üçün “Park-Bulvar” Əyləncə Mərkəzinin (012) 598 80 80 telefonuna saat 10.00-dan 10.43-ə qədər davamlı zənglər etsək də, cavab verən olmadı.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?