Bakıda anasını öldürməkdə təqsirləndirilən Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işinin ibtidai istintaqı yekunlaşaraq məhkəməyə göndərilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək hazırlıq iclası sentyabrın 16-na təyin edilib. İşə hakim Eynulla Vəliyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, bu il yanvar ayında paytaxtın hüquq mühafizə orqanlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstünün “isti izlər”lə açılması təmin edilib.
Yanvarın 5-də saat 09:00 radələrində 1965-ci il təvəllüdlü Məryam Nametzadənin yaşadığı mənzilində üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə müşayiət olunan meyitinin aşkar edilməsi barədə məlumat daxil olub.
Polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin mərhumun qızı 1988-ci il təvəllüdlü Günel
Hüseynova, bacısı oğlu, 1998-ci il təvəllüdlü Nicat Eyvazov və 1997-ci il təvəllüdlü Ceyhun Əsgərov tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan onlar tutularaq istintaqa cəlb olunublar.
Xatırladaq ki, qətlə yetirilən Məryam Nametzadən qızıl alveri ilə məşğul olub. Cinayəti törətməkdə təqsirləndirilən onu qızı Günel Hüseynova boşanıb. Onun keçmiş həyat yoldaşından azyaşlı qızı var.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 (quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə ittiham edilir.
Sorğu
Yeni dizaynımız necədir?