Artıq iqtisadi mübahisələrlə bağlı vətəndaşlar məhkəmələrə müraciətlərini (iddia ərizələri, şikayətlər, digər sənədlər) həm də elektron qaydada təqdim edə biləcəklər. Həmçinin məhkəmə bildirişləri, məhkəmə baxışı ilə bağlı digər uyğun məlumatlar elektron poçt və telefonlara sms vasitəsilə göndəriləcəkdir. Şəxslər elektron-məhkəmə informasiya sistemində qeydiyyatdan keçməklə və yaratdıqları elektron-kabinet vasitəsilə bu xidmətlərdən istifadə edə biləcəklər.
Milli.Az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov Mülki Prosessual Məcəlləyə əlavə və dəyişikliklər edilməsi ilə bağlı parlamentin gündəliyində olan Qanun layihəsinin mahiyyətini izah edərkən bildirib.
Onun sözlərinə görə, Qanun layihəsinə əsasən, iqtisadi mübahisələrlə bağlı məhkəmə iclaslarının fasiləsiz video-audio yazılışının aparılması da təmin ediləcəkdir: "Mövcud layihənin yalnız iqtisadi mübahisələr üzrə işləri əhatə etməsi sistemin yeni tətbiq ediməsi və pilot layihə xarakterli olması ilə bağlıdır. Gələcəkdə bu sisteminin əhatəsi genişlənəcək və bütün məhkəmə işlərini əhatə edəcəkdir. Bu dəyişiklik Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış "Elektron məhkəmə" informasiya sisteminin fəaliyyətini təmin etmək məqsədini daşıyır . Bu informasiya sisteminin fəaliyyəti şəxslərin məhkəmələrlə olan ünsiyyətində şəffaflığı, aşkarlığı və məmnunluğu, insanların hüquqlarının səmərəli müdafiəsini və hər hansı neqativ halların qarşısının alınmasını təmin edəcəkdir".
Qeyd edək ki, Yeni Qanunun 2017-ci il 1 yanvar tarixindən qüvvəyə minməsi nəzərdə tutulur.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?