"Süni uşaq qidaları genetik dəyişdirilmiş heyvanların məhsullarıdır".
Milli.Az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının pediatrı, tibb elmləri doktoru Ələkbər Həsənov uşaqlar arasında yayılmış xəstəliklər və onların daha effektiv üsullarla müalicəsi, eləcə də ana südünün bu xəstəliklərin qarşısının alınmasındakı möcüzəvi təsirləri barədə danışarkən deyib:
- Doktor, bu gün uşaqlar arasında ən geniş yayılmış xəstəliklər hansılardır?
- Bunlar uşaqların düzgün qidalanmaması və xüsusən də raxitin profilaktikasının düzgün aparılmaması nəticəsində əmələ gələn pataloji hallar, uşaqlarda xəstəliklərin əmələ gəlməsinə şərait yaradan əsas faktorlardan hesab olunur.
Ana südündən uşaqların kəsilməsi və süni qidalandırılması bəşəriyyətdə valideynlərin uşaqlarına qarşı etdikləri ən böyük cinayətdir. Belə ki, indi süni qidaların əksəriyyəti genetik modifikasiya olunmuş heyvanlardan hazırlanır. O heyvanlar ki, bir sutka ərzində 80-100 litrə qədər süd verir. Onlar artıq bir-iki ildən sonra ağır süd vəzilərini daşıya bilmir, bəzi infeksiyalara tutulur və müəyyən müddətdən sonra ətləri istifadəyə yararsız hesab olunur. Valideynlər isə bu cür inəklərin südünü öz uşaqlarına rəva bilirlər.
- Belə südün uşaqlar üçün daha hansı təsiri var?
- Birincisi, genetik modifikasya olunmuş süd məhsulları uşaqların əqli inkişafının formalaşmasına çox ciddi təsir edir. Belə uşaqlarda oyanıqlıq, itaətsizlik, hiperaktivlik halları müşahidə olunur. Onların daxili orqanları, xüsusilə dalağı və qaraciyəri ana südü ilə qidalanan uşaqlara nisbətdə böyük olur. Çox vaxt müayinələr zamanı biz valideynlərə uşaqlarının dalağının və qaraciyərinin böyük olmasını bildirəndə təşvişə düşürlər. Onlar uşaqlarını bütün müayinələrdən keçirirərək buna çarə axtarırlar, amma bunun əsl səbəbi vaxtında uşaqların düzgün qidalanmamasıdır.
Bəzi hallarda həkimlərimiz ana südünü müayinə etməyə göndərirlər. Bu, kökündən yalnış fikirdir. Ana südü müayinə olunmur, çünki ananın döş vəzində elə bir "filtr" var ki, o heç bir virusu buraxmır. Hətta sarılıqlı, QİÇS-li anaların da uşaqlarını öz südü ilə qidalandırması məsləhət görülür. Ana südündən heç bir xəstəlik, virus uşağa keçmir. Ona görə də ana südünün müayinə olunmasının heç bir tibbi əsası yoxdur. Əksinə, ana südündə anticisimlər müəyyən olunur ki, bu da hansısa mikroba qarşı davamlılığın olması deməkdir.
Bəzi analar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) "Ana südü ilə qidalanma" proqramı ilə yaxından tanış olsalar, onlar körpələrini öz südlərindən məhrum etməzlər. Buna çox səthi yanaşıldığına görə ana südünün nə qədər möcüzəvi bir əhəmiyyətə malik olduğunu bilmirlər. Bəzi analar özləri yaxşı qidalanmadığı halda südlərinin az olduğunu deyirlər. Amma bu doğru fikir deyil. Belə ki, qadın hələ hamilə olarkən, 6 ayından başlayaraq uşağın qidası onun dərialtı toxumasında toplanır. Ona görə də qadınların hamilə olduğu dövrdə 10-15 kilo çəkiləri artır. Bu da onların dərisinin altında toplanmış, bəzilərinin dediyi kimi heç də yağ deyil, uşağın qidalanması üçün lazım olan maddələrdir.
Dini kitablarda deyildiyi kimi, uşağın ruzisini Allah özündən əvvəl, məhz ananın dəri altı toxumasına göndərir. Ona görə də ana südünü vermədikdə dəri altına toplanmış həmin qida maddələrinin üzərinə duz və su çökərək, sellülitə çevrilir. Bu zaman ana artıq çəkidən azad ola bilmir ki, bu da Allahın onlara verdiyi "cəza"dır.
Bundan əlavə, ana südü ilə qidalanan uşaqlar ilin hansı fəslindən asılı olmayaraq suya ehtiyacları olmur. Çünki ana südünün konsentrasiyası temperatura uyğun olaraq, qışda qatı, yayda isə duru olur. Ana südündə olan immunoqlobinləri heç nəylə əvəz etmək olmaz. Beləliklə, ana südü ilə qidalanmanın nəticəsi sağlam uşaq və ana deməkdir.
- Bəzən analar südlərinin olmamasından şikayət edirlər. Bu haqda nə deyə bilərsiniz?
- Ana südünün olmaması kimi bir termin yoxdur, ana südünün verilə bilməməsi var. Birincisi, əgər mənə belə bir ana rast gəlirsə, ondan ilk soruşduğum sual bu olur: "Sən doğrudanmı südünü vermək istəyirsən?" Əgər doğrudan da ana öz südünü vermək istəyirsə, onda problem olmur. Sadəcə olaraq, onlar uşaqları qucağında düzgün şəkildə tuta bilmirlər. Bu zaman uşaq ananın döşündən asılı vəziyyətdə qalır və nəticədə körpə yorularaq anasının döşünü əmməkdən imtina edir. Ana da elə bilir ki, uşaq yemir. Bir də bəzi analar var ki, körpələrinə saatlarla süd verirlər. Bu da qətiyyən yolverilməz haldır. Ana südünü verdikdən yarım saat sonrakı müddətdə yenidən onun döşündə süd əmələ gəlir. Əgər ana tənbəllik edib, südünü verməzsə, nəticədə südün əmələ gəlmə prosesi dayanır.
- Bir az əvvəl uşaqların hiperaktivliyini, məhz ana südünün verilməməsi ilə əlaqələndirdiniz. Bu barədə bir az geniş danışa bilərsiz?
- Bəli. Çünki ana südü ilə qidalanan uşaqlarda məhəbbət hissləri daha güclü olur. Süni qidaların tərkibində olan konservant maddələrin özləri həm qaraciyəri, həm dalağı, eyni zamanda uşağın mərkəzi sinir sistemini zədələyir, nəticədə oyanıqlığın artması halları baş verir. Bu da hiperaktivliyin səbəblərindən biridir.
İstər telefonlar olsun, istərsə də planşetlərin uşaqların əlindən düşmədiyini hər birimiz yaxşı bilirik. Amma valideyn bilmir ki, bunlar hələ tam yetişməmiş uşağın orqanizmində iki hormonu məhv edir. Onlardan birincisi seratonin maddəsidir ki, bu, uşaqların əhval-ruhiyyəsini yaxşı saxlayır. Televizor, kompüterə meylli olan uşaqlarda seratoninin miqdarı azalır. İkincisi isə onlarda endorfin deyilən hormonun azalmasıdır. Bu hormon ağrıkəsici funksiyanı yerinə yetirir. Bu hormonun azalması uşaqlarda baş ağrıları və özlərinə qapanma halları ilə müşayiət olunur. Belə hallar isə məktəbəqədər, eləcə də məktəb yaşlı uşaqlarda daha çox rast gəlinir. Belə uşaqlar çox aqressiv olurlar.
Mən bunu bütün valideynlərə deyirəm: əgər onların uşaqları gün ərzində 1 saatdan çox elektron vasitələrdən istifadə edirsə, bu, uşaqların nəinki özlərini, onların valideynlərini də "məhv etmək" səviyyəsinə qədər gətirib çıxarır. Ona görə onların yaşına uyğun olaraq proqram qurulmalıdır. Valideynlərə bir daha səslənirəm ki, işiniz xatirinə oyunlarla baş-başa buraxaraq uşaqlarınızın gələcəyinə böyük zərbə vurursunuz.
Ana südünün verilməsinin ananın sosial vəziyyəti ilə əlaqələndirilməsinə gəlincə, bu qətiyyən doğru deyil. Mən praktikamda da görmüşəm ki, bəzi analar südlərinin olmamasını stress, gərginlik faktorları ilə əlaqələndirirlər. Bunu nəinki mən, heç dünya praktikası da qəbul etmir. Elə çətin şəraitdə yaşayan analar var ki, onlar körpələrini ana südündən məhrum etmirlər. Süd ananın dərialtı toxumasında əmələ gəlir, bunun ananın qidalanması ilə heç bir bağlılığı yoxdur. Süd verən anaların bir pəhrizi var: "kasıb tapdığını, varlı istədiyini yeyər". Bu zaman anaların diqqət edəcəyi əsas məsələ kimyəvi tərkibli qida məhsullarının körpələrinə verilməməsidir.
- Bu gün uşaqlar arasında iştahsızlıq problemləri də valideynləri marahat edən məsələlərdəndir. Bəs bunun səbəbi nədir?
- Belə hallar məktəbyaşlı uşaqlarda daha çox özünü göstərir. Bu da əsasən uşaqlarda yaranmış stress, gərginlik halları ilə bağlıdır. Uşaqların bu vəziyyətdə olmasının əsas səbəblərindən biri də valideynlərin onlarla düzgün münasibət qurmamasıdır.
Uşaqlara qışqıraraq nəyisə başa salmaq, tərbiyə etmək qətiyyən mümkün deyil.
Uşaqların yaxşı qidalanmamasının səbəblərindən biri də onlarda qan azlığının olmasıdır. Belə ki, qan azlığı olan uşaqlarda dad reseptorları yaxşı inkişaf etmir və onlar yeməyin dadını hiss etmirlər. Əksinə, belə uşaqlar qeyri-adi, məsələn, kolbasa, sosiska, qazlı içkilər və s. yeməklərə və içkilərə daha çox meylli olurlar.
- Deyirsiz ki, məktəbyaşlı uşaqlar stressə düşürlər. Analar bu zaman nələrə xüsusi diqqət etməlidir?
- Belə hallar tibbi problem sayılmır. Bunlar psixoloji və pedaqoji problemlərdir. Biz analara stressi əmələ gətirən faktorları araşdırıb uşaqları ilə düzgün münasibət qurmalarını məsləhət görürük. İndiki uşaqlarda informasiyalar daha çoxdur. Uşağın verdiyi hər suala cavab vermək və onun tələb etdiyi şey ona ziyandırsa, bunu uşağa düzgün şəkildə başa salmaq lazımdır.
- Müasir dövrün bəlalarından hesab edilən xərçəngin uşaqlar arasında da geniş yayılmağa başlaması böyük narahatlıq doğurur. Bu xəstəliyin bu qədər "cavanlaşması"nın səbəbi nədir?
- Bu gün uşaqların yaşlarına uyğun olmayan, yəni tərkibində konservativ və konserigen maddələr olan qidalar qəbul etməsi bir çox xəstəliklərin, eləcə də xərçəng xəstəliyini yaradan başlıca səbəblərdən biridir. Konserigen maddələr xərçəngi əmələ gətirən maddələrdir. Konservantlar isə həmin qidaların uzun müddət saxlanılmasını təmin edən maddələr olduğuna görə, onların xüsusi dadları uşaqları daha çox cəlb edir. Amma bəzən konservantların özlərinin də konserogen xüsusiyyətləri olur, yəni xərçəng xəstəliyini yaradan səbəbləri olur. Bu, dünyanın hər yerində belə qəbul olunur. Eyni zamanda, havanın çirklənməsi, gündəlik həyatımızda bayaq da qeyd etdiyim ki, uşaqların elektron vasitələrə daha çox meylli olması da bu xəstəlikliyi doğuran başlıca amillərdən biridir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?