Güləbətin xanımın övladlarından biri Elşən Məmmədov 1993-cü ildə Ağdərə döyüşlərində həlak olub. Bu günədək ailə dövlətdən heç bir qayğı, diqqət görmədiyini deyir. «16 ildir bizə şəhid ailəsi kimi başımızı dolandırmağa 20 kvadratlıq yer ayrılıb. Ancaq kağız üzərində... Deyirlər, «gedin, baxın, haranı bəyənirsiniz, gəlin deyin, oranı ayıraq sizə». Düz 16 ildir ki, haranı göstəririksə, deyirlər, «yox, oranı olmaz». Sonra da eşidirik ki, həmin yer başqasına satılıb». Şirvan sakini Güləbətin Məmmədovanın azadlıq radiosuna deməsinə görə, şəhər icra hakimiyyəti onu və ailəsini əməlli-başlı ələ salır. «16 İLDİR BELƏCƏ ÖTÜŞÜR» Güləbətin xanımın övladlarından biri Elşən Məmmədov 1993-cü ildə Ağdərə döyüşlərində həlak olub. Bu günədək ailə dövlətdən heç bir qayğı, diqqət görmədiyini deyir. Əksinə, 16 ildir ki, yerli icra hakimiyyəti Güləbətin xanımı get-gələ salıb. Xanım yollarda həm sağlamlığını, həm də əsəblərini itirib: «Aparırıq, sənədləri tökürük qabaqlarına, deyirik, «hanı bizə ayrılan yer?». Hərdən bir yer ayırırlar, gah bələdiyyə deyir, «vermirəm», gah icra hakimiyyəti fikrini dəyişir, deyir, «bir az da gözlə, başqa yer verəcəyik». Bizə «mümkün deyil» dedikləri yeri, 5-10 gün sonra başqasının pul verib aldığını öyrənirik. 16 ildir ki, beləcə ötüşür». Güləbətin xanım deyir, özü də, həyat yoldaşı da ağır xəstədir, pensiyayla dolanırlar. Dövlətin ailəyə kağız üzərində ayırdığı sahə gerçəkdə ailəyə verilsə, ən azı, övladları kommersiya obyekti kimi işlədib evin çörəyini, suyunu, xəstələrin dərmanını ala bilərlər. «BƏYƏNMİRLƏR» Güləbətin xanımı narahat edən ikinci məsələ Qarabağ müharibəsində həlak olanların ailəsinə verilməli olan sığortanın gecikməsidir. Ana dəfələrlə dövlət qurumlarına müraciət edib, ancaq hər dəfə «gözlə» cavabı alıb. Şirvan rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, müharibədə həlak olanların ailələrinə sığorta ödənilməsi ilə bağlı Milli Məclis qanun qəbul edib. Bu məsələ ilə Dövlət Sığorta Şirkəti məşğul olur. Müəyyən səbəblərdən sığortaların ödənilməsi ləngiyir. 16 il əvvəl sahə ayrılmasına gəlincə, qurum günahı Güləbətin xanımın üzərinə atır: «Bir neçə yer göstərilib, bəyənməyib. Məsələn, şəhərin mərkəzindəki parkın yanında gözaltı etdiyi yeri ona necə vermək olar? Orada kommersiya fəaliyyəti ilə məşğul olmaq qadağandır». Qurumdan bildirilib ki, yaxın vaxtlarda ailə ilə ortaq bir qərara gələcəklər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?