Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda qeyri-sabit hava şəraitinin yaratdığı fəsadlarla bağlı növbəti məlumat yayıb.
FHN-in mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 28-də yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolub, nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb. Güclü yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının canlı qüvvə və texnikası paytaxtın rayonlarına cəlb olunub. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 9 ədəd texnika və 33 nəfərdən ibarət şəxsi heyəti Bakı şəhərinin Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Zevin küçəsində, Abşeron rayonu, Qobu qəsəbəsindəki Yeni məhəllədə, Xəzər rayonu, Qala qəsəbəsində, Binəqədi rayonu Beynəlxalq avtovağzalın ətrafı və Əlizadə küçəsində, Babək prospektində suçəkmə işləri aparıb.
Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin 21 ədəd texnikası və 78 nəfərlik şəxsi heyətinin iştirakı ilə Binəqədi rayonu, Biləcəri qəsəbəsində həyətyanı ərazilərin su ilə dolması nəticəsində fərdi yaşayış evlərindən çıxmaqda çətinlik çəkən 14 nəfər, Sabunçu rayonunda 22 nəfər, ümumilikdə 17 nəfəri azyaşlı olmaqla 36 nəfər təhlükəsiz əraziyə çıxarılıb, suçəkəmə işləri aparılıb.
Nazirliyin Mülki müdafiə qoşunlarının 16 texnika və 44 nəfərlik şəxsi heyəti isə Sabunçu rayonu, Sabunçu qəsəbəsindəki Dəmiryolu stansiyasının yaxınlığında yağışların törətdiyi fəsadları aradan qaldırıb. Hazırda Suraxanı rayonu Hövsan qəsəbəsində Dövlət Yanğından Mühafizə Xidmətinin 1 ədəd texnika və 7 nəfərlik şəxsi heyəti yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işlərini davam etdirir.
Sorğu
Yeni dizaynımız necədir?