Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə ittiham olunan Lerik rayon sakini, 1977-ci il təvəllüdlü İsgəndər Bəbirovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Prosesə hakim Mirzə Xankişiyev sədrlik edib.
İttihama görə, İsgəndər Bəbirov arvadı İstəgül Mərdiyevanı həmyerlisi Malik Muradovla Qala qəsəbəsi, "Hacı Mövlan" bağlar massivində yerləşən bağ evində birlikdə olduqlarını gördüyü üçün onlardan şübhələnib. Həm arvadını, həm də əvvəllər polis əməkdaşı işləmiş Malik Muradovu öldürmək qərarına gəlib. Bu məqsədlə əvvəlcədən hazırlıq da görüb. Belə ki, qoşalülə ov tüfəngi əldə edən İ.Bəbirov ötən ilin noyabr ayının 20-də arvadına məxsus bağ evinə gəlib. Arvadı ilə Malikin birlikdə oraya gələcəklərini güman edərək onları gözləyib. Elə bu vaxt M.Muradov mənzildə təmir işlərinin aparılması üçün dörd fəhlə ilə birlikdə bağa gəlib.
Bunu görən İ.Bəbirov silahı ona sarı tuşlayaraq iki dəfə atəş açıb. Hadisə yerində olan fəhlələrdən biri - 1990-cı il təvəllüdlü Nicat Şəbiyev onun əlindəki silahı alaraq zərərsizləşdirib.
İ.Bəbirov bu dəfə 26 yaşlı gəncə bıçaqla zərbələr endirib.
"Pəncərədən baxanda yanında yad kişi gördüm"
Təqsirləndirilən şəxs qismində dindirilən İ.Bəbirov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini, əməlindən peşman olmadığını göstərib. İfadəsinə görə, təxminən 4 il əvvəl "Hacı Mövlan" bağ massivində həyat yoldaşı İstəgülün adına iki sot torpaq alıblar. Torpağın pulunu İstəgül verdiyinə görə etibarnamə də onun adına alınıb. Ötən ilin mart ayından həmin torpaq sahəsində ev tikməyə başlayıblar, usta işlərinin çoxunu özü görüb. Hadisədən bir neçə gün öncə günorta saatlarında tikinti aparılan yerə gələn İ.Bəbirov küçədə "Chevrolet" markalı maşının dayandığını görüb: "Çöldən həyətə baxanda İstəgülün yanında bir nəfərin dayandığının şahidi oldum. Bir müddət onları müşahidə etdim. Həmin kişi əlini İstəgülün boynuna keçirib onu qucaqlamışdı, söhbət edirdilər. Telefonu çıxarıb maşını çəkdim. Onlar həyətə çıxıb stəkanları yudular, yenidən mətbəxə keçib çay içdilər. Əvvəlcə çıxıb getmək istədim. Sonra fikrimi dəyişdim, yerdən ağac budağı götürüb pəncərəyə sarı atdım. Budaq pəncərəyə dəyən kimi İstəgül və yanındakı kişi mənə baxdılar".
"Zəng vurub ailəmi dağıtmaması üçün yalvardım"
Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, həmin kişi evdən çıxaraq onun üstünə sarı gəlib, nalayiq söyüşlərlə söyərək təhqir edib. İ.Bəbirov ona cavabında "artıq çəkdiyimi çəkmişəm" deməklə kifayətlənib, həyətdən qaçaraq uzaqlaşıb. Həmin şəxsin adının Malik olduğunu, rayonda baldızıgillə qonşuluqda yaşadıqlarını öyrənib. Arvadının onunla sevgili olmasını, amma sonralar Malikin başqa qadınla ailə qurmasını eşidib:
"Bu barədə mənə Lerikdə yaşayan baldızımın oğlu demişdi. Arvadıma zəng vurub hansı yolun yolçusu olduğunu söylədim. O isə cavabında "yaxşı eləyirəm" deyərək məni təhqir etdi. Bağ evindəki qonşudan Malikin nömrəsini alıb ona zəng vurdum. Ona "mən İstəgülün həyat yoldaşıyam, övladlarımız var, arvadımla görüşmə, ailəmizi dağıtma" deyib yalvarmağa başladım. Cavabında nalayiq söyüşlər eşitdim. Mənə "kişisənsə, gəl görüşək" dedi. Ona bir gün görüşəcəyimizi bildirdim. Onları bir yerdə görəndən sonra daha evə getmirdim, qalmağa yerim olmadığından küçələrdə yatırdım".
"Dedim, buraxın məni, arvadımı da öldürüb sonra intihar edəcəyəm"
İ.Bəbirov hadisədən bir neçə gün əvvəl yenə də arvadına zəng vurub "namusumuzu ləkələmə, qızlarımız yazıqdırlar" deyib. Qadınsa yenə də onu söyərək telefonu qapadıb.
Əsəbləri gərilən ər həm Maliki, həm də arvadını öldürməyi qərara alıb. Silah tapmaq məqsədilə Masallı rayonuna gedib, 380 manata ov tüfəngi alaraq geri dönüb. Gecəni bağ evində qalan İsgəndər arvadı ilə Malikin gəlişini gözləyib. Onları öldürmək üçün silahı axşamdan dolduraraq hazır vəziyyətdə qoyub. Səhər saatlarında Malik dörd fəhlə ilə birgə bağ evinə gəlib. Malikin gəldiyini görüncə İsgəndər silahı hazır vəziyyətdə tutaraq qapı arxasında dayanıb. Fəhlələr onu bu vəziyyətdə aşkarlayanda donub qalıblar. Əli ilə onlara sakit durmağı işarə edib. Fəhlələr qorxudan hərəsi bir tərəfə dağılışıb. İsgəndər silahı Malikə tuşlayaraq yaxın məsafədən ona atəş açıb:
"Yaxınlaşdım, görüm güllə Malikə dəyib, ya yox. Qəflətən əlim tətiyə ilişdi, güllə üz nahiyəsinə dəydi. Fəhlələr onlara da atəş açacağımı düşünüb üstümə hücum çəkdilər. Silahı kənara atdım, gödəkçəmin cibindən bıçaq çıxarıb özümü vurmaq istədim. Bıçaq fəhlələrdən birinin ayağına dəydi. Onlar məni tutub saxlamışdılar, buraxmırdılar. Deyirdim ki, məni buraxın, gedim arvadımı da öldürüm, sonra intihar edəcəyəm. Fəhlələrdən hansısa 102 xidmətinə zəng vurdu. Malikgili xəstəxanaya apardılar. Hadisə yerinə gələn polis əməkdaşları da məni polis idarəsinə apardılar. Maliki qorxutmaq yox, öldürmək məqsədilə vurmuşam. Tutulacağımı bilirdim, səhhətimdə problemlər olduğuna görə, övladlarım mənə qarşı çıxdıqlarından özümü öldürmək istəyirdim. Əməlimdən peşman deyiləm. İstəgülü öldürə bilmədiyimə görə peşmanam".
"Ailədə heç vaxt problemimiz olmayıb"
Zərərçəkmiş şəxsin hüquqi varisi Aidə Muradova ifadəsində mərhum Malik Muradovla münasibətlərinin yaxşı olduğunu, 18 illik evlilik həyatında heç bir inciklikləri olmadığını göstərib:
"Bu illər ərzində bircə dəfə də olsun Maliklə münaqişəmiz olmayıb. Malik iş yerində və ya kənarda hər hansı problemi olanda mənimlə bölüşərdi. 2015-ci ildə Malik qohumu İstəgül adlı qadınla evə gəldi, bizi tanış etdi. Malikin qohumlarını çoxunu tanımıram, onlarla yaxın əlaqəm yoxdur. Bir yerdə oturub yemək yedik. İstəgül bizim evin yaxınlığında tikdirdiyi bağ evində təmir işləri getdiyini, fəhlələr işlədiyini deyirdi. Fəhlələri də çox vaxt Malik aparıb-gətirirdi.
Hadisə baş verən gün Malikin iş yerindən zəng vurub əməliyyat olunduğunu dedilər. Ora gedəndə öyrəndim ki, İstəgülün əri Maliki tüfənglə vurub. Məni meyitxanaya buraxmadılar. Evə gəlib uşaqlara atalarının öldüyünü dedim. Malikin hansı şəraitdə öldürüldüyünü demədim. Uşaqlar sosial şəbəkələrdən Malikin öldürüldüyünü öyrəndilər. İstəgülü Malikin qohumu kimi tanımışam. Onların arasında hansısa münasibət olması barədə məlumatım olmayıb. İstəgül bizdə olanda həyat yoldaşından şikayət edirdi, ondan ayrı yaşadığını deyirdi".
"Ailənin yükü mənim üstümdə idi, evlərdə təmizlik işləri görür, balalarımı saxlayırdım"
Zərərçəkmiş qismində dindirilən İstəgül Mərdiyeva ifadəsində ərinin ona xəyanət etdiyini, ailəsinə baxmadığını, evə pul gətirmədiyini, bu səbəbdən də 2016-cı ilin mart ayında İsgəndərlə rəsmi qaydada ayrıldığını göstərib:
"Bütün yük mənim üstümdə idi. Evlərdə təmizlik işləri görüb pul qazanırdım. 2010-cu ildə İsgəndər başqa qadınla qeyri-rəsmi evlənmişdi. Ondan bir oğlu dünyaya gəlmişdi. Həmin qadına görə evimizdə tez-tez mübahisələr düşürdü. Ona görə nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmişdim. Məhkəməyə gedib-gələn vaxtlarda təsadüfən uzaq qohumum Maliklə rastlaşdım. Cavanlıqda Malik məni sevmişdi. Amma həmin vaxtdan sonra onu görməmişdim. Məhkəmədə rastlaşanda hal-əhval tutduq, yaxında qızına toy edəcəyini dedi. Qızımla birgə Malikgilə getdim, cehiz işlərinə köməklik edəcəyimi bildirdim. Onun evində işləyən fəhlələrlə belə danışmışdıq ki, bizim Qaladakı bağ evimizdə də təmir işləri görsünlər. Malik yol uzaq olduğuna görə fəhlələri özü aparıb-gətirir, tikintiyə nəzarət edirdi. Həmin vaxtlarda İsgəndər evdə qalmırdı. İsgəndər eşidəndə ki, bağ evində təmir işləri gedir, qıcıqlanırdı, evə gəlmək istəyirdi, mən razı olmurdum. Deyirdi ki, məni qəbul etməsən, səni yaşamağa qoymayacağam".
"İsgəndər yalan danışır, mənim Maliklə heç bir münasibətim olmayıb"
Zərərçəkmiş Maliklə heç bir yaxın əlaqəsi olmadığını, onun yalnız bağ evindəki təmir etməkdə köməklik göstərdiyini deyib:
"İsgəndərin bağ evində Maliklə bizi görməsi barədə dedikləri həqiqətə uyğun deyil. Mən 30 il Maliki görməmişəm, onun haqqında heç nə eşitməmişəm. İsgəndər məndən Malik barədə heç nə soruşmayıb. Əgər belə olsaydı, mən bağ evindəki təmir işlərini dayandırardım ki, belə bir hadisə baş verməsin". Məhkəmənin hökmü ilə İsgəndər Bəbirov 19 il müddətinə azadlqıdan məhrum edilib. (virtualaz.org)
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?