Dünən Sumqayıt şəhərində Elman Məmmədovun sədrliyi ilə şərti cəza çəkən hüquq müdafiəçisi İntiqam Əliyevin müraciətinə baxılıb. O, oktyabr-noyabr aylarında bir sıra tədbirlərdə iştirak etmək üçün ölkədən çıxışına icazə verilməsini xahiş edib.
Əliyevin özünün Turan-a verdiyi məlumata görə, məhkəmə iclası bir neçə dəfə təxirə salınıb.
Oktyabrın 18-də məhkəmə müraciətə baxıb və qanunvericiliyin şərti cəza çəkənlərin ölkədən çıxışına icazə vermədiyi bəhanəsi ilə xahişi təmin etməyib.
Maraqlıdır ki, bundan əvvəl məhkəmə Əliyevin ölkədən çıxışına icazə vermişdi və o, iyunun 6-7-də Strasburqda beynəlxalq konfransda iştirak edib. Bu, Avropa Şurası rəhbərliyinin Azərbaycan hökumətinə müraciətindən sonra baş verib.
Həmin konfransda o, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına mane olan siyasi məhbuslar problemindən danışıb, bu da Azərbaycan hakimiyyətinin qəzəbinə səbəb olub.
Bundan sonra Əliyev Belqrada hakimlərin və vəkillərin müstəqilliyi məsələlərinə həsr olunmuş konfransa gedib. Konfransın yekunlarına görə BMT sessiyasında müzakirə üçün tənqidi məruzə hazırlanıb.
Görünür, Əliyevin Strasburq və Belqraddakı konfranslarda fəal iştirakı, habelə bu günlərdə yeni siyasi məhbuslar siyahısını açıqlayan işçi qrupda fəaliyyəti narazılığa səbəb olub və hakimiyyət artıq onu ölkədən buraxmamağı qərara alıb.
Xatırladaq ki, bir müddət əvvəl məhkəmə jurnalist Xədicə İsmayılovanın ölkədən çıxışına icazə verməmişdi.
İntiqam Əliyev üzvü olduğu QHT qanunvericiliyi məsələləri üzrə Ekspert Şurasının iclasında iştirak etmək üçün Strasburqa dəvət olunmuşdu. Oktyabrın 20-21-də Əliyevin Cenevrədə BMT-nin İnsan Hüquqları Komitəsinin iclasında Azərbaycan hökumətinin hesabatının müzakirəsində iştirakı planlaşdırılırdı.
Həmçinin, Əliyev noyabrın 16-18-də Amsterdamda İctimai Maraqlar naminə Qlobal Hüquq Şəbəkəsinin (PİLNet) iclasına dəvət olunub.
Daha sonra o, noyabrın 28-29-da Brüsseldə “Şərq Tərəfdaşlığı” Vətəndaş Cəmiyyəti Forumunun 8-ci iclasına dəvət olunub.
* İntiqam Əliyev 2014-cü ilin avqust ayında həbs edilib və iqtisadi cinayətlər törətmək ittihamı ilə 7,5 il müddətinə azadlıqdan məhrum edilib. Martın 28-də Ali Məhkəmə real həbs müddətini 5 il müddətinə şərti cəza ilə əvəz edib
Sorğu
Yeni dizaynımız necədir?