Jurnalist Aynur İmranovanın ölkədən çıxışına qoyulmuş qadağa ləğv olunub.
Bu haqda Turan-a jurnalistin özü məlumat verib.
Aynur İmranovanın ölkədən çıxışına 2013-cü ilin aprelində QHT-lərə qarşı açılan cinayət işi çərçivəsində məhdudiyyət qoyulub. Jurnalist həmin cinayət işi üzrə şahid qismində dindirilmişdi.
Jurnalistin bildirdiyinə görə, onun şikayətinə Nəsimi Məhkəməsinin hakimi Elman İsayevin sədrliyi ilə aprelin 1-də keçirilən prosesdə baxılıb.
“Mənim çıxışımın açılması ilə bağlı 3-cü dəfə idi ki, məhkəmə təxirə salınırdı. Hakim işlə bağlı prokurorluğa sorğu göndərmişdi. Bu günkü iclasda cavab gəldi ki, aprelin 1-dən Aynur İmranovanın adının üzərindəki "qadağandır" əmri qaldırılmışdır. Nəsimi Məhkəməsinin hakimi Elman İsayev də qadağa götürüldüyü üçün bu gün işi xətm elədi” - deyə jurnalist bildirib.
2013-cü ilin aprelində Baş Prokurorluqda QHT-lərə qarşı açılan cinayət işi çərçivəsində onlarla hüquq müdafiəçisi, jurnalist və siyasi fəalın ölkədən çıxışına qadağa, bank hesablarına həbs qoyulub.
Martın 31 Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev ölkədən çıxışa qadağaların, bank hesabları üzərində həbslərin aprelin 1-dən etibarən qaldırılacağını açıqlamışdı.
Sorğu
Yeni dizaynımız necədir?