Ötən gün Səbayel Rayon Məhkəməsində jurnalist Xədicə İsmayılovanın Bakı Şəhər Prokurorluğuna qarşı iddiasına baxılması başa çatıb.
Jurnalist intihar həddinə çatdırma ittihamı ilə üç ay əsassız olaraq həbsdə saxlanmasına görə kompensasiya ödənilməsini tələb edib. Üçüncü şəxs kimi işə Maliyyə Nazirliyi cəlb olunub.
X.İsmayılova 2014-cü il dekabrın 5-də CM-in 125-ci maddəsilə ittiham olunaraq həbs edilib. O 2015-ci il martın 6-dək həbsdə saxlanılıb. 2015-ci il sentyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsi X.İsmayılovanı iqtisadi cinayətlərə görə 8,5 il müddətinə azadlıqdan məhrum edərkən ona CM-in 125-ci maddəsi üzrə bəraət verilib. Beləliklə, 5 dekabr 2014-cü ildən 6 mart 2016-cı ilədək, yəni 91 gün X.İsmayılova qanunsuz olaraq həbsdə saxlanılıb.
Vəkil Yalçın İmanov Turan-a bildirib ki, həmin müddətdə iddiaçı qazancdan məhrum olub, hüquqi yardım, mədəsində əməliyyat keçirdiyinə görə pəhriz yeməyinin hazırlanıb təcridxanaya gətirilməsi üçün xərc çəkib. O, maddi zərəri 9030 manat həcmində dəyərləndirib və mənəvi zərərə görə də daha 20 min manat tələb edib.
Lakin Bakı prokurorluğunun və Maliyyə Nazirliyinin nümayəndələri iddiaya qarşı çıxıblar və məhkəmə onu təmin etməyib. Müdafiə tərəfi qərardan şikayət vermək niyyətindədir və perspektivdə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək.
*Xatırladaq ki, mayın 25-də Ali Məhkəmə mənimsəmə və vəzifə səlahiyyətindən sui- istifadə ittihamlarını jurnalistin üzərindən götürərək real həbs cəzasının müddətini 3,5 il şərti cəza ilə əvəzləyib. Avqustun 8-də isə şərti cəzanın müddəti 2 il 3 ayadək azaldılıb
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?