Jam.az saytının redaktoru Fikrət Fərəməzoğluna qarşı yeni daha ağır ittihamlar irəli sürülüb.
O, 2016-cı il iyunun 30-da həbs olunub və hədə-qorxu ilə tələb etməkdə ittiham olunub. DİN-in məlumatına görə, jurnalist sahibkardan 3000 manat ölçüsündə rüşvət alarkən saxlanılıb.
Bu gün həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmək ittihamı irəli sürülüb. Bu barədə Turan-a vəkil Elçin Sadıqov bildirib.
Əvvəlki ittihamla Fərəməzoğlunu 3 ildən 5 ilədək həbs gözlənilirdisə, indi əmlakı müsadirə olunmaqla, 5 ildən 10 ilədək həbs gözlənilir.
Vəkil yeni ittihamları absurd hesab edir.
“İttihamların kökündə Fikrət Fərəməzoğlunun yazıları durur. Kommersiya obyekti sahibləri şikayət ediblər ki, guya Fikrət Fərəməzoğlunun yazıları qərəzlidir, yalandır, onların şərəf və ləyaqətini ləkələyir. Habelə jurnalist bu yazıları onlardan pul tələb etmək məqsədilə yazıb. Lakin, ortada pul tələb edilməsi ilə bağlı heç bir sübut yoxdur”, deyə vəkil bildirib.
“İstintaq qarşısında F.Fərəməzoğlunun obyekt sahibləri ilə təmasının olmamasını sübut etmək üçün vəsatətlər qaldırmışıq. Yəni jurnalistin və onların mobil telefon lokalizasiyalarının, danışıqların əldə edilməsi, jurnalistin cibinə qoyulmuş pulların üzərindəki əl-barmaq izlərinin çıxarılması, kimə məxsus olduğunun müəyyən edilməsi barədə”, deyə Sadıqov qeyd edib.
DİN Fərəməzoğlunun bir qrup şəxslə birlikdə bir çox sahibkarları və vəzifəli şəxsləri nüfuzdan salan nəşrlərlə şantaj edərək, onlardan böyük məbləğdə pul aldığını iddia edib.
Hüquq müdafiəçiləri Fərəməzoğlunu siyasi məhbus kimi tanıyıblar
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?