Bu gün, oktyabrın 19-u Goranboy rayonunun Zazalı kənd sakinlərinin mavi yanacağın verilməməsinə etiraz olaraq Bakı-Gəncə yolunu bağladıqları bildirilir.
Bu barədə Meydan TV-yə kənd sakinləri məlumat verib. Onların sözlərinə görə, bir neçə gündür kəndə qaz gəlmir:
“Bəlkə aidiyyatı qurumlar səsimizi eşidib problemi həll edərlər. Burda erməni kilsəsi olsaydı, qaz verilərdi” – deyə aksiya iştirakçıları bildirib.
“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev yolun bağlanmasından və kəndə qazın verilib-verilməməsindən xəbərsiz olduğunu deyib:
“Məsələni gün ərzində araşdırıb, problem varsa, həll etməyə çalışacağıq”.
Son günlər Bakıda və bölgələrdə qazın verilməsində problemlərin olduğuna gəlincə, İbrahim Kərbəlayev bunu havaların kəskin soyuması ilə izah edib: “Ancaq həmin problemlər həllini tapıb. Hansı bölgələrdə də problem qalıbsa, yaxın günlərdə həll olunacaq. İşlər gedir”.
Ötən il SOCAR prezidenti R. Abdullayev demişdi ki, prezident İlham Əliyevin tapşırığı ilə Gürcüstandakı bütün dini ocaqları Azərbaycan pulsuz qazla təmin edir. Onların arasında erməni kilsəsi də var. Həmin açıqlamanı Azərbaycan ictimaiyyəti birmənalı qarşılamamışdı.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?