10 min manat və külli miqdarda qızıl oğurlayan qadın məhkəmə zalından həbs edildi
Oğurluq etməkdə təqsirli bilinən Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Nailə Pirverdiyevanın cinayət işi üzrə proses başa çatıb.
İttihama görə, Nailə Pirverdiyeva 2014-cü ilin sentyabr ayından 2015-ci ilin yanvar ayının 29-a kimi istintaqa məlum olmayan ayrı-ayrı vaxtlarda qonşusu Gəncə şəhəri, Kəpəz rayonu, 5-ci mikrorayon, ev 17, mənzil 29-da yaşayan Sevda Əliyevaya məxsus yaşayış evindən oğurluq edib.
Nailə Pirverdiyeva qonşusunun evdə olmadığı vaxtda “açarseçmə” üsulu ilə qanunsuz daxil olaraq mənzildən 10700 manat məbləğində nağd pul, külli miqdarda qızıl və məişət əşyaları oğurlayıb. O, Sevda Əliyevaya ümumilikdə 15721,80 manat miqdarında ziyan vurub.
Nailə Pirverdiyeva Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla oğurluq etmək) maddəsi ilə ittiham edilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nailə Pirverdiyeva 6 il müddətinə azadlıqdan məhrum edilib. İstintaq və məhkəmə araşdırması zamanı “ev dustağı” olan Nailə Pirverdiyevanın barəsində həbs qərarı çıxarılıb. O, məhkəmə zalından həbs edilib.
Hökmdən narazı qalan Nailə Pirverdiyevanın vəkili Hikmət Xəlilov apelyasiya şikayəti verib. Vəkilin şikayəti araşdırlması
üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Bədəl Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.
Vəkil bildirib ki, birinci instansiya məhkəməsinin hökmü qeyri-obyektiv, qanunsuz və ədalətsiz olmaqla maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılıb: “Belə ki, istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı bir çox şübhəli məqamları ortaya çıxıb ki, bunlar ittihamın mahiyyətini təşkil edirdi və Nailə Pirverdiyevanın təqsirli bilinməsi üçün bu şübhələr mütləq digər möhtəbər sübutlarla aradan qaldırılmalıydı, aradan qaldırıla bilmədikdə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməliydi. Məhkəmə hökmündən göründüyü kimi zərərçəkmiş şəxsin ifadəsinə heç bir şübhə ilə yanaşılmayaraq, düzgünlüyü yoxlanmayaraq ittihamın əsası hesab edilib.
Məhkəmə istintaqı zamanı müəyyən olunub ki, təqsirləndirilən Nailə Pirverdiyeva ifşa olunduğu üçün zərərçəkmiş şəxsin evindən oğurladığı əşyaları istintaq orqanına təqdim edib, digər pul və qızıl əşyaları üzrə vurmuş olduğu ziyanı isə ödəmək məqsədilə zərər çəkmiş şəxs Sevda Əliyevaya 4500 manat məbləğində pul verib.
Odur ki, təqsirləndirilən şəxs Nailə Pirverdiyeva məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin evindən 10700 manat pul və 2700 manat məbləğində qızıl əşyalarını oğurlamadığını göstərsə belə, sonuncunun oğurladığı digər əşyaları qaytardıqdan sonra əlavə olaraq zərərçəkmiş şəxsə 4500 manat məbləğində pulu ödəməsi bilavasitə onun qeyd edilən pul və qızıl zinət əşyalarını da oğurlamasını təsdiq edir.
Müdafiə tərəfi olaraq hesab edirik ki, Nailə Pirverdiyevanın əməli Cinayhət Məcəlləsinin 177.3.2-ci maddəsindən həmin Məcəllənin 177.2.3-cü maddəsinə tövsif edilməli və barəsində olan yüngülləşdirici hallar nəzərə alınmalıdır. Ona 177.2.3-cü maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin edilməli və cərimə cəzası təyin edilərkən ev dustaqlığında və həbsdə saxlandığı müddət nəzərə alınaraq həmin cərimə cəzasından da azad edilməlidir.
Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsi də diqqətə layiqdir. Belə ki, 3 mart 2000-ci il tarixli qərarında “Krčmář and others v. Czeh Republic” işi üzrə həmin Məhkəmə qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi, hər tərəfə onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitə qoymayan şəkildə öz işini təqdim etmək imkanın verilməsini tələb edir. Hər halda, ədalətli araşdırma anlayışı həmçinin çəkişmə əsasında həyata keçirilən məhkəmə araşdırması hüququnu nəzərdə tutur ki, bu hüquqa müvafiq olaraq tərəflər, yalnız öz tələblərinin təmin olunması üçün zəruri olan hər hansı sübutların aşkarlanması imkanına deyil, həm də bütün təqdim olunmuş sübutlardan və verilmiş mülahizələrdən xəbərdar olmaqla onlara dair məhkəmə qərarına təsiredici tərzdə öz dəlillərini gətirmək imkanına da malik olmalıdırlar.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı “məhkəmə”
üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır”.
Tərəfləri dinləyən hakim heyəti sonda qərar elan edib. Qərara görə, Nailə Pirverdiyevanın vəkilinin şikayəti təmin edilməyib.
Sorğu
Yeni dizaynımız necədir?