Taksi sürücüsü əmindir ki, öz kişi həmkarlarından şəhəri pis tanımır, kişi sərnişinlər isə sükan arxasındakı qadına hörmətlə yanaşırlar.
Sputnik xəbər verir ki, məktəb, bank kimi sahələrdə əmək fəaliyyətinə başlayan Xalidə Babayeva hazırda taksi sürücüsü kimi çalışır.
X.Babayeva iqtisadi böhranın bütün özəllikləri ilə qarşılaşan tənha anadır. Etiraf edir ki, bəzən çörəkpulu qazanmaq şansını əldən verməmək üçün xəcalət də çəkməli olur.
X.Babayeva Bakı sakinidir, 35 yaşı var. Rabitə, nəqliyyat kollecini qırmızı diplomla bitirdikdən sonra bir neçə peşə dəyişməli olub. On il bundan öncə boşanan xanım, azyaşlı oğlunu təkbaşına böyütməyə başlayıb.
İlkin olaraq orta məktəbdə müəllim işləyib və informatika dərsi deyib. Bir müddət sonra kiçik siniflərdə akademik saatları əlindən alınıb, nəticədə isə onsuz da az olan müəllim məvacibi daha da azalıb. Yeni iş yeri axtarmalı olan Xalidə banka kassir vəzifəsinə düzəlir. Daha sonra o, bir neçə bankda işləyib, bu müddət ərzində isə mühasib sənətinə yiyələnib. Amma iki il öncə ixtisara düşüb. Bu andan etibarən pulsuz və hər ay ödəməli olduğu borclarla qalıb.
O isə ruhdan düşməyib: “Nə edə biləcəyimi düşündüm. Oğlum pullu fakültəyə qəbul olub. Çıxış yolu tapmaq lazım idi. Başa düşürəm ki, əgər öz peşəm üzrə işləməsəm, heç hara işə düzələ bilməyəcəm. Hazırda böhrandır, hər yerdə ixtisar gedir, iş yeri yoxdur. İşləməyə bilmərəm”.
Nəticədə gənc qadın fərdi sərnişindaşıma ilə məşğul olmaq fikrinə düşür, baxmayaraq ki, onun cazibədar görünüşü heç də taksi sürücüsü stereotipinə uyğun gəlmir. Xalidə Babayeva sosial şəbəkədə qadın və uşaqlar ilə işləmək arzusu barədə elan yerləşdirir. Amma internet istifadəçiləri ona taksi proqramlarından biri ilə işləməyi məsləhət görürlər. Cəhd etmək fikrinə düşən xanım razı qaldığını bildirib. İş günü qrafikini özü seçir, gün ərzində səhər saat 7-dən axşam 8-ə qədər maşın sürür. Əslində hər şey kənardan göründüyü qədər rahat deyil. Hər ay Bakı Nəqliyyat Agentliyinə lisenziya almaq üçün getməli olur.
“Hazırda Nəqliyyat Agentliyində lisenziya almaq daha asandır. Daha öncə xəcalət dəqiqələri yaşamalı olurdum... orada çox sayda kişi olur. Taksi sürücüləri ayrı dünyadır. Onlar bir qədər fərqlidirlər. Onlar qadın görəndə... Nəqliyyat Agentliyinin işçiləri sağ olsunlar, məni görən kimi tez buraxırlar. Kütlə, təbii ki, narazıdır və mən hər ay bunu keçməli oluram”, - qadın danışıb.
İndiyə qədər valideynləri qızlarının sürücülük etdiyini bilmirlər. Bəlkə də bilsələr etiraz edərlər. “Atam hansısa şirkətdə işlədiyimi düşünür. Taksi olduğunu demirəm, sadəcə, bunun fərdi daşıma olduğunu demişəm. Burada pis heç nə yoxdur. Kişilər qadın salonunda işləyirlər”.
Azərbaycanda ümumilikdə kişi işlərində çalışan qadınlara qeyri-adekvat yanaşırlar, amma yaxınları Xalidə Babayevaya etibar edirlər. Oğlu da anasının yeni sənətinə qarşı deyil. Bəzən gecə çağırışlarında xoşagəlməz hadisələrin olmaması üçün anasını müşayiət edir. Amma o, axşam səkkizdən sonra çıxmamağa çalışır, çünki həmin saatlarda sərxoş sərnişinlər də olur. Onlardan bəziləri, hətta tanış olmağa da çalışır. Ona görə də xanım sürücü “WhatsApp” nömrəsini dəyişməli olub. Çox vaxt kişi müştərilər ona hörmətlə yanaşırlar.
Xalidə Babayevanın sözlərinə görə, müştərisi az deyil. Adi günlərdə ona yaxın sifarişə gedir. Şəxsi rekordunu gün ərzində 11 saat işləyərək 13 reys etdiyi zaman vurub.
Müştərilər arasında turistlər də olub. Bu yay Rusiya şəhərlərindən olan qonaqlara xidmət göstərib. Onlar milli mətbəxin dadına harada baxa biləcəkləri ilə maraqlanıblar.
Sürücü xanım şəhəri yaxşı tanıdığını, əgər müştəri istirahət etmək üçün bir yerə getmək istəyərsə, məsləhətlə də yardım edə biləcəyini deyib.
Bununla yanaşı, X.Babayeva yeganə xanım taksi sürücüsü deyil. Bakı Nəqliyyat Agentliyində lisenziya almağa bir neçə qadın da gəlir. Onların arasında hicablı xanımlar da var. Bizim hekayənin qəhrəmanı isə uzunmüddətli planlar qurmur, hələlik, iş yerini dəyişməyə hazırlaşmır, belə ki, CV-ni verdiyi bankların bir neçəsi böhran üzündən bağlanıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?