Amma, meşə zolaqlarına qənim kəsilən, açıq-aşkar bu sahənin biznesi ilə məşğul olanlara isə, “qaşın üstə qar var” deyən yoxdur Qış fəsli gəldiyindən Qaxın meşə massivləri sürətlə məhv edilir və acınacaqlı durum da yaşanır. Bu barədə “Gündəm Xəbər”ə rayondakı mənbəmiz tərəfindən sensasion məlumatlar da daxil olub. Mənbə bildirir ki, rayonun meşə zolaqlarında daha dözülməz vəziyyətin əmələ gəlməsinə səbəb, məhz rayonun Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru vəzifəsini daşıyan Azad Şəfiyevin şəxsi maraqlarını güdməsi olur. Eyni zamanda, rayonun mavi yanacaqla təmin edilməyən kəndlərində yerli sakinlərin odundan istifadə etmələri də, problemin əmələ gəlməsinə səbəb olan əsas amildir. Diqqəti o məqama da yönəltmək lazımdır ki, rayonda odun biznesi müxtəlif şəxslərin əlində cəmləşsə də, əsas söz sahibi RİH-nin başçısı cənab Musa Şəkiliyev olur və atlan addımlar da, məhz onun tapşırıqlarından sonra baş tutur.
Onu da vurğulayaq ki, rayonun meşə zolaqlarında çox qiymətli ağac növləri bitir və onların əksər hissəsi də kəsilərək, mebel istehsal etmək üçün qonşu Rusiya və Gürcüstan dövlətlərinə göndərilir. Kəsilmiş ağaclardan bəziləri müxtəlif növ mebellər düzəltmək üçün yararsız olduğundan, onlardan yanacaq kimi də istifadə olunur. Təəccüb doğuran hal o olur ki, xırda-xırda doğranmış bir maşın odunun qiyməti orta hesabla 300-400 manata satışa çıxarılır. Əksər hallarda isə, belə bir qiymətə sadə sakinlərin odun almağa imkanları çatmır. Qışın soyuğuna dözməyən kənd sakinlərinin çoxu isə, meşə zolaqlarından odun kəsməyə məcbur olurlar ki, bu zaman onlar yerli polis əməkdaşlarının köməkliyi ilə müxtəlif məbləğlərdə cərimələnirlər. Amma, meşə zolaqlarına qənim kəsilən, açıq-aşkar bu sahənin biznesi ilə məşğul olanlara isə, “qaşın üstə qar var” deyən yoxdur.
Qaxda meşə zolaqlarının məhvi təqribən 15-20 ildir ki, mütəmadi olaraq davam edir və bununla bağlı hər hansı tədbir də görülmür. Rayonda bir çox vəzifə sahiblərinə, ayrı-ayrı şəxslərə məxsus sexlərə çökə, palıd, fıstıq, vələs, göyrüş, şabalıd, qoz, cır armud və digər növ qiymətli ağaclar gətirilir, ilkin emaldan sonra müxtəlif ünvanlara daşınır. Rayondakı mənbəmiz onu da bildirir ki, meşə təsərrüfatının “İlisu Dövlət Qoruğu” ərazilərindəki meşə zolaqlarına da rəhm olunmur, kəsilib doğranır və müxtəlif məqsədlər üçün də istifadə olunur. Belə bir səbəblər üzündəndir ki, adıçəkilən qoruq ərazisində nadir ağac növlərinin nəsli kəsilmək üzrədir. Baş verən xoşagəlməz durumla bağlı, yəqin ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarına rəhbərlik edənlər də məsuliyyət daşıyırlar. Xeyli müddət bundan əvvəl, “İlisu Dövlət Qoruğu”na yaxın ərazilərdə yaşayan sakinlər əməkdaşımıza bildirirlər ki, “artıq bu yerdə ağacların nəsli kəsilmək üzrədir” desələr də, bir kimsə sakinlərin həyacan təbilinə məhəl belə qoymurlar. Bəli, bu gün tam əksəriyyətin yekdil rəyi belədir ki, Qax meşələrinin başı üzərini ciddi təhlükə alıb. Məhz, bu təhlükənin də səbəbkarı rayonun meşə mühafizəsi və bərpası müəssisəsinin direktoru Azad Şəfiyevdir. “Gündəm Xəbər”ə daxil olan digər məlumatda o da bildirilir ki, rayonun müxtəlif ərazilərində yeni meşə zolaqlarının salınması və ekosistemin mühafizəsi istiqamətində “görülmüş” işlər barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilən hesabatlar da, yalnız görüntü xarakteri daşıyır. Açıqlamanın dərcindən sonra ümid edirik ki, ən azından Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, eləcə də Meşələrin İnkişafı Departamentinin rəhbərliyi problemlərin təfərrüatlarını araşdıracaq və qarşıya çıxan məqamlara müəyyən mənada aydınlıq da gətirəcəklər. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?