Həkim qızdırmalı xəstəni müayinə edib kağız-kuğuzunu diqqətlə nəzərdən keçirdikdən sonra, çox vaxt qaşlarını çatıb qayğılı tonla belə bir diaqnoz qoyur:“Virusa yoluxmusuz, gərək ciddi müalicə olunasız”.
Faylları açılmayan, yaxud açanda ilan-qurbağa çıxan kompüterə baxdıqdan sonra təcrübəli usta eyni nigaranlıqla başını bulayıb:”Vəziyyət ağırdır, kompüterə virus düşüb, gərək təmizləyək-deyir”.
Virusla bağlı daha bir unikal situasiya da var: idarə və müəssisələrə daraşaraq onları iflic etmək. Məsələn, hər hansı probleminin düzələcəyi ümidi ilə bir idarə və müəssisənin qapısını döyən, lakin işi alınmayan yaşlı adamlar, adətən narazı qaldıqları həmin qurumu ənənəvi leksikonla “yağlaşdırdıqdan” sonra belə bir cümlə də işlədirlər:”Elə bil bu xarabaya virus düşüb”.
* * *
Yan-yörəmizdə səslənən “virusa yoluxub”, “virus düşüb” kimi ifadələri tez-tez eşidirik, amma çox fərqinə varmırıq ki, bu virus nə olan şeydir. Tibb elmi deyir ki, virus hüceyrə quruluşu olmayan ən kiçik infeksiya daşıyıcısıdır, bitkilərdə, heyvanlarda və insanlarda yoluxucu xəstəlikləri törədən, canlı orqanizmi məhv edən parazitdir. İnsanda qripdən tutmuş suçiçəyinə, qızdırmadan tutmuş quduzluğa kimi bir çox xəstəlikləri yaradan, məhz viruslardır.Yəni, latıncada zəhər mənasını verən virus canlılar üçün çox qorxuludur. Qorxu o dərəcədədir ki, canlı aləmi bu təhlükəli parazitlərdən qorumaq üçün ayrıca “virusologiya” deyilən elm sahəsi də yaranıb.
Bəşəriyyəti infeksiya fəlakətindən qorumaq üçün çox işlər görsə də, həmin elmin bəzi müddəaları zaman keçdikcə adamda şübhə doğurur. Məsələn, bu elm iddia edir ki, viruslar yalnız canlı toxumada artıb-çoxala bilir. O dəqiqə bilinir ki, yumşaq desək, elmin bu sahəsi müasir tərəqqidən geridə qalıb və gözümüzün qabağında baş verən yeni möcüzələrdən, o cümlədən bioloji mənada canlı olmayan mühitdə cövlan edən yeni növ viruslardan xəbərsizdir. Görün, canlı hüceyrədən kənarda, həyatımızın müxtəlf sahələrində bizə meydan oxuyan nə qədər təhlükəli viruslar peyda olub.
Mən kompüterə, telefona düşüb ciddi problemlər yaradan virusları bir kənara qoyuram. Bunları birtəhər yola vermək olur, əsas narahatlıq ictimai həyata, cəmiyyətə sıçrayıb onun müxtəlif sistemlərini sıradan çıxara bilən viruslarla bağlıdır. Şərti olaraq “sosial virus” adlandıra biləcəyimiz həmin yeni parazitlər indi cəmiyətin canına, insanların beyninə daraşıblar. Hansı nazirlik, idarə və ya təşkilat sağlam düşüncədən uzaqdırsa, öz işini görə bilmirsə, xeyir əvəzinə insanlara zərər verirsə, bilin ki, ora virus düşüb. Görün, nə qədər virus düşmüş yerlər var.
Məsələn, bizim Milli Məclisə virus düşdüyünü heç cür iddia etmək olmaz. Niyə? Çünki o yerdəki deputatlar dərk edirlər ki, 1750 manat maaşla yaşamaq çətindir və bunu artırmaq lazımdır, deməli, orada sağlam düşüncə var. Belə yerlərdə virusun yayılması mümkünsüzdür. Amma ötən il bu vaxtlar məlum oldu ki, MTN deyilən qurum başdan-ayağa virusa yoluxubmuş. Millətin təhlükəsizliyi üçün cavabdeh olan bir nazirlik virusun təsiri altında biyan alverindən tutmuş adam alverinədək hər şeylə məşğul imiş. Burada virus o dərəcədə şiddət edibmiş ki, nazirliyin kal generalları hər cür dövlət maraqlarını unudub qanqsterlikdən və reketçilikdən də çəkinmirlərmiş.
Bu virus elə bir zəhrimardır ki, orqanizmin özündə də yarana bilər, bakterioloji silah kimi kənardan da yeridilə bilər. Məsələn, indi istintaq aydınlaşdırmağa çalışır ki, Rabitə və Yüksək Texnologiyalar nazirliyində baş verənlər MTN-dən yeridilən zəhərli viruslar səbəbindən baş veribmiş, yoxsa elə əvvəldən burada parazitlərin inkişafı üçün münbit şərait olub. Bir də öyrənmək istəyirlər ki, gündəlik xərclərə və aylıq paketlərə bu viruslar nə dərəcədə təsir edib?
Bəzi virus növləri də var ki, düşdüyü orqanızmdə sağlam hüceyrəni məhv etmir, yalnız onların funksiyasını pozaraq mutasiya əmələ gətirir. Bax, bu mutasiya vəziyyəti bizim telekanallarda çox duyulur. İndi bir çox verilişlər zərərli virus kimi yayılaraq beyinləri iflic edir və kədərli mutasiya şəraiti yaradır. Ekranlardan səpələnən yalanlar öz yerində, amma insan faciəsini komediyaya çevirən, bunun hesabına reytinq qazanmaq istəyən səviyyəsiz əyləncəli şoular daha qorxulu viruslardır. Bu virusların təsiri ilə quraşdırılmış isterik sosial-psixoloji dramlar tamaşaçıların inandığı həyat gerçəyinə çevirilir. Duyğu istismarına məruz qalan sadəlövh tamaşaçı bu miskin gerçəyə inanır, bəzən bir fərasətli aparıcının quraşdırdığı yalanlara inanmaqdan zövq alır. Və həyat beləcə davam edir…
* * *
Virusa yoluxmuş xəstənin də, virusun təsiri ilə proqramları pozulmuş kompüterin də dərdinə əlac etmək mümkündür. Birində dərman, o birisində antivirus kara gəlir. Dərd “sosial virus”un dərdidir, çünki onun meydanı geniş, təsiri güclü, çarəsi mürəkkəbdir…
Qulu Məhərəmli, Jurnalist, teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru, "Jurnalistikanın inkişafına yardım" fondunun sədri, Azərbaycan Respublikasının "Əməkdar jurnalist"i
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?