Mayın 24-ü Azərbaycanın İsveçdəki səfirliyinin önündə mitinq keçiriləcək; Azərbaycan Respublikasında Demokratiyaya Diaspora Dəstəyi təşkilatı soydaşlarımıza çağırış edib
İsveçdə yaşayan və Azərbaycan Respublikasında Demokratiyaya Diaspora Dəstəyi (ARDDD) təşkilatında fəaliyyət göstərən bir qrup mühacir Azərbaycanın əsas müxalif partiyalarının liderlərini, ziyalıları, gəncləri, qəlbi Azərbaycanda döyünən Diaspora fəallarını, İsveç siyasi partiyaları və onların Avropa Parlamentindəki nümayəndələrin mayın 24-də Stokholmda keçiriləcək konfransa dəvət edir. Təşkilat İstiqlaliyyət günü ərəfəsində Azərbaycanın İsveçdəki səfirliyi önündə mitinq keçirməyi planlaşdırır. ARDDD bu məqsədlə mühacirətdə yaşayan soydaşlarımıza müraciət ünvanlayıb. Müraciətdə deyilir: “Bu hakimiyyət vətənimizin sərvətlərini tar-mar edir, Qarabağı unutdurur və onu ”Lazıma” yəni ”gedər-gəlməzə” buraxır. Gündən-günə iştahası artan soyğun, talançı, acgöz sülalə rejimi doya bilmir. Xalqın söz deyən övladları hər şeydən məhrum edilir, bir hissəsi həbsxanalarda saxlanılır, bir hissəsi dövlətindən ya qovulur, ya da vətəni tərk etmək məcburiyyətində qalırlar. Artıq xalq demokratiyanı, qanunları şirin nağıl kimi təsəvvür edir. Əziz Həmvətənlər! Qarşıda prezident seçkiləri gəlir. Seçkilər rejimə qarşı bütün fədakar vətəndaşlarımızın səfərbər olmasını zəruri edir. Azərbaycanın, bu günədək, təslim olmamış fədakar, xalq yolunda bütün məhrumiyyətlərə dözmüş Müxalifət partiyaları (Müsavat, AXCP), barmaqla sayılacaq ziyalılarımız (ziyalılar Forumu), El və REAL hərəkatları və əlbəttə ki, xalqımızın, vətənimizin gələcəyi olan parlaq və işıqlı gənclərimiz qəvi düşməni taxtdan salmaq üçün mütləq birləşməlidirlər!!! Vətən xəstədir, dərdinə dərman, əlac istər. Dərmanı isə vəhdət nəticəsində demokratik dəyişikliklərdir. Bu gün birləşmək üçün müxtəlif yollar axtarılır ki bu da bizi sevindirməyə bilmir və bununçün daha da əzmlə çalışmağa sövq edir. Əziz Həmvətənlər, Biz İsveçdə yaşayan bir qrup mühacir olaraq, ARDDD təşkilatı çərçivəsində bu məqsədlə Azərbaycanın əsas müxalif partiyalarının liderlərini, ziyalılarımızı, gənclərimizi, qəlbi Azərbaycanda döyünən Diaspora fəallarımızı, İsveç siyasi partiyalarını, Avropa Parlamentindəki nümayəndələrini, ictimai təşkilatlar və medianın iştirakı ilə keçiriləcək konfransa dəvət edirik. Belə bir konfransa ev sahibliyi etmək məsuliyyətini üzərimizə götürmüşük. Bundan əlavə, Vətənimizin İstiqlaliyyət günü ərəfəsində rejimi təmsil edən səfirliyin qarşısında mitinq də planlaşdırmışıq. 24 may İsveçin paytaxtı Stokholm şəhərində yolunuzu gözləyirik. Vətən, xalq naminə bir az vaxtınızdan və pulunuzdan keçin. Demokratiya və Vətəndaş cəmiyyəti quruluşuna dəstək olaq! ”. ARDDD İdarə Heyəti
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?