Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevin videogörüntüsünü yaydığı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ağababa Babayevin vəfat etdiyi bildirilir. Qaynarinfonun məlumatına görə, sabiq hakim bir müddətdir ki, dünyasını dəyişib. Ancaq bu barədə mətbuata məlumat verilməyib. Onun ölümü ilə bağlı bir neçə versiya səsləndirilsə də, sabiq hakimin nədən öldüyü açıqlanmır. Qeyd edək ki, həmin vaxt Məhkəmə Hüquq Şurası tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ağababa Babayev tərəfindən ədalət mühakiməsinin nüfuzuna və hakimin yüksək adına xələl gətirən hərəkətlərə yol verilməsi ilə bağlı intizam icraatı aparılmış, Məhkəmə-Hüquq Şurasının 14 yanvar tarixli qərarı ilə A. Babayevin hakimlik səlahiyyətlərinə xitam verilmişdi. A.Babayev isə işdən çıxmasını 65 yaşının tamam olması və səhhəti ilə əlaqələndirmişdi:“Bu günlərdə 65 yaşım tamam olacaq. Hazırda xəstəyəm, yeriyə bilmirəm. Buna görə də ərizə yazmışam ki, məni vəzifədən azad etsinlər. Ərizəni yaxın günlərdə aidiyyəti üzrə göndərəcəyəm”. Məsələni dəqiqləşdirmək üçün Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovla əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı. Xatırladaq ki, Elşad Abdullayevin yaydığı videogörüntülərlə bağlı Baş Prokurorluqda cinayət işi açılıb və istintaq hələ də davam edir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?