"Azərbaycanda qrip və kəskin respirator xəstəliklərin müalicəsi üçün kifayət qədər dərman ehtiyatı var".
gundemxeber.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyi (SN) Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.
Onun sözlərinə görə, qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi tədbirləri çərçivəsində palataların yaradıldığı xəstəxanaların hamısı - bütün mərkəzi rayon xəstəxanaları, Bakıda isə Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Kliniki Tibbi Mərkəz və digər klinik xəstəxanalar və 1 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanası lazımi dərman preparatları ilə təmin olunub: "Ölkədə istənilən qədər dərman var. Sadəcə, hər bir xəstə həkimə müraciət etməli, dərmanı da ona həkim məsləhət görməlidir. Çünki dərmanı həkim xəstənin vəziyyətindən, yanaşı xəstəliklərinin olub-olmamasından asılı olaraq, təyin edir".
Hazırda ölkədə infeksion xəstəliklərlə bağlı vəziyyətin stabil olduğunu deyən A.Əliyeva qeyd edib ki, hər il olduğu kimi, bu il də insanlarda yüngül respirator xəstəliklər müşahidə edilir.
Onun sözlərinə görə, ötən ilin müvafiq dövrünə nisbətən bu il respirator xəstəliklərə yoluxma halları azalıb: "Artım müşahidə olunmur. Hətta hazırda Avropadan belə ölkəmizə qrip virusunun gəlmə qorxusu yoxdur. Azərbaycanla sərhəd ölkələrdə qrip virusunun yayılması ilə bağlı da heç bir məlumat daxil olmayıb. Bizdə də vəziyyət tam stabildir".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?