Havaların şaxtalı keçməsi mənzillərdə də problemlər yaradır. Su xətlərinin donması ailələrin susuz qalmasına səbəb olur. Hətta bu cür problemlər su sayğaclarının da sıradan çıxması ilə nəticələnir. Belə hallarda bəzi vətəndaşlar hansı quruma müraciət etməli olduqlarını bilmirlər.
Bu problemlər necə aradan qaldırılmalıdır?
Məsələ ilə bağlı “Trend”ə açıqlama verən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, bu, Nazirlər Kabinetinin “Sudan istifadə” Qaydalarına əsasən tənzimlənir: “Qaydalara əsasən, su sayğacları quraşdırılarkən problem yaranarsa, həmin sayğaclar “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin hesabına dəyişdirilir. Həmçinin, yaşayış binalarının pilləkən qəfəslərində mənzillər üçün quraşdırılan su sayğacları şaxtalı hava və digər səbəblərdən sıradan çıxarsa, həmin vaxt abonent bu barədə aidiyyəti nəzarətedici orqan və məsul şəxsə məlumat verməlidir. Bu halda sayğac “Azərsu” ASC tərəfindən ya təmir edilir, ya da dəyişdirilir. Əgər sayğac abonentin müdaxiləsi nəticəsində sıradan çıxıbsa, həmin vaxt sayğac abonentin hesabına dəyişdirilir”.
A.Cəbrayıllı bildirib ki, fərdi yaşayış (həyət) evlərində küçələrdə quraşdırılmış sayğaclara isə istənilən halda abonent cavabdehlik daşıyır. Bu evlərdə sıradan çıxan sayğaclar abonentin hesabına dəyişdirilir: “Fərdi yaşayış evləri üçün quraşdırılan sayğaclar xüsusi qutulara yerləşdirilir. Həmin qutular isə şaxtaya və soyuğa davamlıdır. Buna görə də, bu sayğacların şaxtadan sıradan çıxması mümkün deyil. Həmin sayğaclar xarab olarsa, məsuliyyət abonentin üzərinə düşür. Bu halda sayğaclar abonentin hesabına təmir edilir və ya yenisi ilə əvəzlənir”.
Sorğu
Yeni dizaynımız necədir?