Nazirlər Kabineti "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) strukturu ilə bağlı bəzi məsələlər barədə qərar verib.
APA-nın məlumatına görə, qərara əsasən, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti "Azərsu" ASC-nin İstehsalat Texniki Komplektləşdirmə İdarəsinin ona qoşulması şəklində yenidən təşkil ediləcək.
İstehsalat Texniki Komplektləşdirmə İdarəsi indiyə qədər "Azərsu" ASC-nin tabeliyində hüquqi şəxs statusunda olub. İdarənin bu statusu ləğv edilir, "Azərsu"ASC-nın tabeliyində olan hüquqi şəxs olmayan təşkilata çevrilir. "Azərsu" ASC hüquqi varislik qaydasında ona qoşulan "Azərsu" ASC-nin İstehsalat Texniki Komplektləşdirmə İdarəsinin bütün hüquq və öhdəliklərini öz üzərinə götürəcək. "Azərsu" ASC-yə qoşulan "Azərsu" ASC-nin İstehsalat Texniki Komplektləşdirmə İdarəsinin nizamnamə kapitalı konvertasiya olunmadan ödəniləcək, "Azərsu" ASC-nin nizamnamə kapitalı mövcud səviyyədə saxlanılacaq.
Qərara əsasən, "Azərsu" ASC-nın "Göyçay Sukanal" Törəmə Səhmdar Cəmiyyəti və "Ağdaş Sukanal" Törəmə Səhmdar Cəmiyyəti "Azərsu" ASC-nın "Birləşmiş Sukanal" Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibində fəaliyyət göstərən hüquqi şəxslər kimi müəyyən ediliblər. Eyni zamanda "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi şəxs olmayan təşkilatların siyahısında da dəyişiklik edilib. "Oğuz-Qəbələ-Bakı Su Kəməri" İdarəsi Oğuz-Qəbələ-Bakı Su Təchizatı İdarəsinə, "Kür Su Kəmərləri" İdarəsi Kür Su Təchizatı İdarəsinə, "Ceyranbatan Su Kəmərləri" İdarəsi Ceyranbatan Su Təchizatı İdarəsinə, "H.Z.Tağıyev adına Su Kəmərləri" İdarəsi H.Z.Tağıyev adına Su Təchizatı İdarəsinə çevrilib. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi şəxs olmayan təşkilatların siyahısına Ekologiya İdarəsi və İstehsalat-Texniki Komplektləşdirmə İdarəsi də əlavə edilib.
Buna müvafiq olaraq, İstehsalat-Texniki Komplektləşdirmə İdarəsi, "Göyçay Sukanal" Törəmə Səhmdar Cəmiyyəti və "Ağdaş Sukanal" Törəmə Səhmdar Cəmiyyəti "Azərsu" ASC-nın tabeliyində olan hüquqi şəxslər (müəssisələr) siyahısından çıxarılıb.
Sorğu
Yeni dizaynımız necədir?