Ədliyyə naziri Fikrət Məmmədov Strasburqda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Guido Raymondi ilə görüşüb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə F. Məmmədov hakimlərin müstəqilliyinin gücləndirilməsi, məhkəmə infrastrukturunun müasirləşdirilməsi, elektron məhkəmənin tətbiqi barədə məlumat verib.
G.Raymondi Azərbaycanda aparılan məhkəmə-hüquq islahatlarını maraqla qarşıladığını qeyd edərək bu tədbirlərin Avropada aktual olan ədalət mühakiməsinin effektivliyi və məhkəmə hakimiyyətinin müstəqilliyi baxımından mühüm əhəmiyyətini vurğulayıb. O, Avropa Məhkəməsinin qərarlarının icrasına xüsusi diqqət yetirən ölkəmizin bu sahədə problemli dövlətlər sırasında olmadığını deyib, Avropa Məhkəməsinin islahatından və iş yükünün ötən illərə nisbətən azalmasından danışıb.
Həmçinin, Strasburq Məhkəməsinə Azərbaycan Hökuməti tərəfindən hakimin ezam olunması yüksək qiymətləndirilib və bu təcrübənin davam etdirilməsinin vacibliyi qeyd olunaraq bu barədə razılığa gəlinib.
Söhbət zamanı əməkdaşlığın prioritetləri, Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən konkret işlər və digər maraq doğuran məsələlər müzakirə olunub.
Səfər çərçivəsində ədliyyə naziri, həmçinin Avropa Məhkəməsinin Katibliyində çalışan azərbaycanlı hüquqşünaslarla görüşüb, onların fəaliyyəti ilə maraqlanıb, ölkəmizin məhkəmə-hüquq sistemindəki yeniliklərdən bəhs edib. Həmin hüquqşünasların xeyli müddət Məhkəmədə çalışmaları və müvafiq təcrübəyə malik olmaları nəzərə alınaraq onların ölkəmizdə keçirilən treninqlərə cəlb olunmasının faydası qeyd edilib və bu barədə Avropa Məhkəməsinin rəhbərliyi ilə razılıq əldə edilib.
Görüşlərdə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Emin Eyyubov və ölkəmizin İnsan Hüquqları üzrə Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov iştirak ediblər.
Sorğu
Yeni dizaynımız necədir?