“Azərişıq” ASC-dən rəsmi açıqlama Tarif Şurasının kommunal xidmətlərin qiymətini diferensiallaşdırılması qərarından sonra abonentlər yeni problemlər yaşayır. Belə ki, onlar gələn bildirişlərdə limiti keçmədikləri halda yeni tarifin tətbiq edilməsindən şikayətlənir. Bu barədə sosial şəbəkədə yazılan şikayətlər, redaksiyalara daxil olan müraciətlər problemin aktuallığını sübut edir. Abonentlər elektrik enerjisində ay ərzində 250 kvt/saat limitini keçmədikləri halda onlara təqdim edilən bildirişlərdə 11 qəpik tarifinin tətbiq edildiyini müşahidə ediblər. “Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev isə hər bir abonentin müraciətinin araşdırılacağını, lakin belə bir yanlışlığın mümkün olmadığını dedi: “Heç bir abonentdən əlavə 1 qəpik belə alına bilməz. Məsələ bundadır ki, bu ay gələn bildirişlərin bir hissəsi noyabr, digəri dekabr ayına əsasən hesablanıb. Ola bilər ki, bu məsələ insanlarda çaşqınlıq yaradıb. 250 kvt/saatı keçilən hər gün istifadə edilən enerji əlavə 4 qəpiyə vurulur. Bu qədər elektron idarəetmə sistemi qurulub, rayon enerji satışı şöbələri fəaliyyət göstərir. Ola bilməz ki, belə bir yanlışlığa yol verilsin. Narahatlıq və həyəcanlanmağa ehtiyac yoxdur. Narahatlığı olan hər bir abonentə fərdi qaydada yanaşırıq. Kimin problemi varsa, istər yerli şöbələri, istərsə də mənim özümə müraciət edə bilərlər. Heç bir abonentin narazı qalmasına razı ola bilmərik”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?