Son günlər Bakıda sərnişin avtobuslarında özbaşına qiymət artımı müşahidə olunur. Gediş haqqılarında süni qiymət artımı əsasən “Binə” və “Sədərək” ticarət mərkəzlərinə gedən avtobuslarında qeydə alınıb. Mətbuata bu barədə sərnişinlər məlumat verib. Onlar bildiriblər ki, paytaxtın müxtəlif istiqamətlərindən sözügedən ticarət mərkəzlərinə gedən avtobuslarda gediş haqqı qaldırılaraq 40 qəpik olub. Halbuki gediş haqqı əvvəllər 30 qəpik idi. Yeni qiymətlər 3-4 gündür tətbiq edilir. Sürücülər isə bildiriblər ki, gediş haqqının artırılması ilə bağlı marşrut sahibləri tərəfindən tapşırıq alıblar. "gundemxeber.az" xəbər verir ki, məsələ ilə bağlı Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov ANS PRESS-ə açıqlama verərkən, bu barədə nazirliyə şikayət daxil olmadığını bildirib. Onun sözlərinə görə, bu barədə Nəqliyyat Nazirliyi Tarif Şurasına müraciət etməyib. “Sərnişin avtobuslarında gediş haqqlarının artımı Tarif Şurasının qərarından asılıdır. Hələ Tarif Şurası qiymət artımı ilə bağlı heç bir qərar qəbul etməyib. Nəqliyyat Nazirliyi də, bununla bağlı müraciət etməyib. Əgər kimsə avtobuslarda gediş haqqlarının qiymətini artırırsa, bu qanunsuzdur”, - deyə N.Həsənov vurğulayıb. Nazirlik rəsmisi onu da əlavə edib ki, bu məsələ ilə bağlı ANS PRESS-in məlumatı qeydə alıb və bu məlumat barədə ətraflı araşdırma aparılacaq. “Reydlər keçiriləcək və həqiqətən də belə bir qanunsuzluq olarsa, həmin şəxslər cəzalanacaq”, - deyə Namiq Həsənov əlavə edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?